Azərbaycan, Bakı, 2 yanvar /Trend/
"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı" çərçivəsində paytaxtda yüksək tələblərə cavab verən yolötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir, yüksək keyfiyyətli avtomobil yolları salınır.
Ötən həftə Bakıda "Sahil" metrostansiyasının yaxınlığında uzunluğu 220, eni 8 metr olan piyada keçidi açılıb. Bu obyektin tikintisi çərçivəsində yağış sularının dənizə axıdılması üçün xüsusi boru xətti çəkilib. Piyada keçidində ilk dəfə olaraq üfüqi eskalator quraşdırılıb. Səkkiz çıxışdan ibarət piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılıb.
Həmçinin, "Azneft" meydanında, Dövlət Neft Şirkətinin binasının yaxınlığında daha bir yeraltı piyada keçidi istismara verilib. Bu keçidin tunelinin uzunluğu 76, eni 6, hündürlüyü 3 metrdir. Keçidin iki çıxışı var. Onlardan biri Milli Parka, digəri isə Dövlət Neft Şirkətinin binasının önünə çıxır. Dörd eskalatorun quraşdırıldığı keçid müasir işıqlandırma sistemi ilə təchiz edilib.