...

Çingiz Əsgərov: "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" Azərbaycanda bu sahədə prioritetləri müəyyən edir (MÜSAHİBƏ)

Cəmiyyət Materials 9 Yanvar 2012 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Trend Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun müsahibəsini təqdim edir.

- "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" bundan əvvəlki oxşar sənədlərdən nə ilə fərqlənir?

- Milli Fəaliyyət Proqramına, ilk növbədə, "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf strategiyasının hazırlanması çərçivəsində irəli sürülən vəzifələrin kontekstində baxmaq lazımdır. Bu, bir daha sübut edir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Prezidentinin siyasətinin prioritetidir.

Milli Proqram Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini, onun ölkəni inkişaf etmiş iqtisadiyyata və regionda möhkəm mövqe tutan təsirli sosial siyasətə malik müasir demokratik hüquqi dövlət kimi görmək istəyini əks etdirir. Yəqin ki, siz Milli Fəaliyyət Proqramının praktiki olaraq, bütün nəzərdə tutulan tədbirlərin izah edildiyi konseptual sənəd formasında hazırlanmasına diqqət yetirmisiniz. Əlbəttə ki, proqramın hazırlanması prosesində bizim insan hüquqları sahəsində əldə etdiyimiz təcrübədən, habelə digər ölkələrin təcrübəsindən istifadə olunub. Həmin təcrübə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının "İnsan hüquqları sahəsində milli planların hazırlanması üzrə vəsait" adlanan sənəddə ümumiləşdirilib. Həmin sənəddə təhlil aparılıb və Norveç, İsveç, Avstraliya, Latviya, Yeni Zelandiya və başqa bu kimi ölkələrin nisbətən daha səmərəli təcrübəsi təqdim edilib.

Nəzərə almaq lazımdır ki, proqram Azərbaycan Respublikası Prezidentinin 2006-cı ilin dekabrında təsdiqlədiyi Milli Fəaliyyət Planı nəzərə alınmaqla hazırlanıb. Onun həyata keçirilməsi üçün tərkibində dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin olduğu işçi qrup yaradılıb. Fəaliyyət planının aralıq nəticələrinin müzakirəsi üçün işçi qrupun müntəzəm görüşləri ilə yanaşı, dövlət orqanları və qeyri-hökumət təşkilatları rəhbərlərinin və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə illik konfranslar keçirilir. Milli Planın həyata keçirilməsində ölkənin, demək olar, bütün şəhər və rayonlarında təşkil olunan ictimai dinləmələr də az rol oynamır.
Xüsusilə qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı həmçinin 2006-cı ildə qəbul edilən Fəaliyyət Planında nəzərdə tutulan insan hüquqlarının müdafiəsi sahəsində işlərin davam etdirilməsi məqsədilə qəbul edilib.

Proqram dövlətin gələcək illərdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir və faktiki olaraq, ictimaiyyətə və beynəlxalq birliyə insan hüquq və azadlıqları sahəsində Azərbaycanın prioritetlərinin tam şəklini təqdim edir.

Proqramda bunlardan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yalnız Azərbaycan barədə qəbul edilən qərarlarda deyil, başqa ölkələrlə bağlı müəyyən edimiş mövqeyi də nəzəzrə alınıb.

Məsələn, Avropa Məhkəməsinin son qərarlarının təhlili qanunvericilik sahəsində dövlətin prioritetlərini müəyyən edib. Hazırlanması və qəbul edilməsi planlaşdırılan qanunvericilik aktlarının siyahısı Azərbaycanın Avropa Məhkəməsinin beynəlxalq müqavilə və qərarlarından irəli gələn öhdəliklərini əks etdirir. Lakin iş təkcə qanunların qəbul edilməsi ilə məhdudlaşmır. Konkret əhali qruplarına, xüsusilə də qaçqınlar və məcburi köçkünlər, qadınlar, yaşlılar, uşaqlar, əlillər, məişət zorakılığı və ya insan alveri qurbanları və s. kimi zəif qruplara yönəlmiş tədbirlər vacibdir. Məhz belə konkret tədbirlər Milli Proqramın ikinci fəslində müəyyən edilib. Azərbaycan xalqının rifahının yüksəldilməsini başlıca məqsəd kimi qarşıya qoyan Azərbaycan dövləti bu istiqamətdə planauyğun işlərin görülməsini davam etdirir. Bunlar məsələn, məcburi köçkünlər, əlillər, aztəminatlı ailələr üçün yeni yaşayış qəsəbələrinin tikilməsi, əməkhaqqının artırılması, yeni iş yerlərinin yaradılması da ola bilər. Bütün bu tədbirlər bilavasitə insan hüquqlarının təmin olunmasına aiddir.
Ona görə də, əlbəttə ki, insan hüquqlarına dair bir proqramda sosial hüquqların müdafiəsi sahəsində həyata keçirilməsi planlaşdırılan bütün tədbirlərin müəyyən edilməsi mümkün deyil. Dövlət fəaliyyətinin yuxarıda göstərilən sahələrində öz əhəmiyyətli bəhrəsini verən ayrıca konkret proqramlar işləyir.
Bundan başqa, insan hüquqlarının həqiqətən təmin olunması üçün onların müdafiə mexanizmləri də işləməlidir. Həmin mexanizmlər dövlətin idarəetmə, hüquq-mühafizə orqanları və məhkəmələrinin fəaliyyətinin şəffaflığının gücləndirilməsi vasitəsilə inkişaf edir. Bu sahədə tədbirlər Milli Proqramın növbəti - üçüncü fəslində müəyyən edilib. "Elektron hökumət"in tətbiqinin, korrupsiya ilə mübarizənin təmin olunması, hakim korpusunun müstəqilliyi və peşəkarlığının artırılması, məhkəmə qərarlarının icrasının lazımi səviyyədə icra olunması və digər tədbirlər qanunvericiliyin təkmilləşdirilməsi kompleksində insan hüquqlarının müdafiəsi praktikasını keyfiyyətcə yeni səviyyəyə keçirməlidir.

- Bununla yanaşı, Milli Proqramda maarifçilik və elmi-tədqiqat işlərinin geniş dairəsi də nəzərdə tutulur.

- Tamamilə doğrudur. Bu istiqamətdə işlər görülmədən qanun yaratma, əhalinin müəyyən qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının işinin səmərəliliyinin artırılması sahələrində səylər yetərincə effektiv ola bilməz. Əhalinin hüquqi mədəniyyət səviyyəsini, insanların öz hüquqlarını və cəmiyyətin həyatında rolunu anlamasının səviyyəsini artırmaq, uşaqlara lap erkən yaşlarından və açıq şəkildə bütün insanlar tərəfindən hüquq və azadlıqlara qarşılıqlı hörmətin cəmiyyətin inkişafının rəhni olduğunu izah etmək lazımdır.

Məlumdur ki, Azərbaycan dövləti qaçqınlar və məcburi köçkünlər problemini bütün beynəlxalq təşkilatlarda qaldırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə erməni təcavüzü nəticəsində öz doğma evlərini tərk etməyə məcbur olmuş Azərbaycan vətəndaşlarının mindən artıq ərizəsi baxılmaq üçün təqdim olunub. Biz gözləyirik ki, yaxın vaxtlarda Avropa Məhkəməsi bu ərizələrdən birincisinin qəbul oluna bilməsinə dair qərar çıxaracaq. Avropa Məhkəməsində vətəndaşlarımızın maraqlarının müdafiəsi üzrə aparılan iş bu məsələnin müsbət həll olunacağına ümid etmək üçün bizə bütün əsasları verir.
Biz ölkə ictimaiyyətini bu proseslə bağlı müntəzəm məlumatlandırırıq və məcburi köçkünlərə onların beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək hüquqlarını başa salırıq.

Əgər müvafiq hüquq-mühafizə orqanlarının, sosial müəssisə və müalicəxanaların əməkdaşları həmin beynəlxalq sənədin mahiyyəti və ilkin qrupun səlahiyyətləri barədə məlumatlandırılsalar, Ombudsman institutunun BMT-nin İşgəncələr əleyhinə Konvensiyası çərçivəsində ilkin milli mexanizm kimi fəaliyyəti daha lazımi səviyyədə təmin oluna bilər.
İnsan hüquqlarının müxtəlif sahələrindən kifayət qədər sayda misallar gətirmək olar. Lakin onların hamısının mahiyyəti eynidir - maarifləndirmə və elmi-tədqiqat işi Milli Proqram çərçivəsində fəaliyyətin başqa istiqamətlərini əlavə edir.

- Proqram necə yerinə yetiriləcək?

- Milli Proqramda ilk dəfə əlaqələndirmə, monitorinq və onun icrasının qiymətləndirilməsi müəyyənləşdirilib.

Milli Proqramın icrasının əlaqələndirilməsi vəzifəsi tərkibinə ayrı-ayrı tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş orqanların nümayəndələrinin daxil olduqları xüsusi işçi qrupa həvalə olunub. Milli Proqramın təsdiqlənməsi haqqında Azərbaycan Prezidentinin sərəncamında həmin işçi qrupun işinə nəzarət ombudsmana tapşırılıb.

İşçi qrup öz fəaliyyətinin nəticələri haqqında Azərbaycan Prezidentini müntəzəm məlumatlandıracaq. Prezident Administrasiyası bu məlumatları təhlil edəcək və onların qiymətləndirilməsi əsasında ölkə Prezidentinə Milli Proqramda nəzərdə tutulmuş tədbirlərin təkmilləşdirilməsinə dair təkliflər təqdim edəcək.

Beləliklə, Milli Proqramın icrasının kompleks və effektiv mexanizmi təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti