...

Suraxanı rayonunun sabiq hərbi komissarının məhkəməsi başlayıb

Cəmiyyət Materials 19 Yanvar 2012 12:15 (UTC +04:00)
Bakının Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik etdiyi dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Suraxanı rayonunun sabiq hərbi komissarının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik etdiyi dəstə üzvlərinin cinayət işi üzrə bu gün hazırlıq iclası keçirilib.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmə sədri Həbib Həsənovun sədrliyi ilə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, 4-cü bölmənin sabiq rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, Hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasov barəsindəki cinayət işi üzrə məhkəmə baxışı fevralın 3-nə təyin olunub.

İttiham aktına görə, hərbi komissar işlədiyi müddətdə rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət verilməsi və TQDK-ya təqdim etmək barədə arayış verib, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbul edib.

Sabiq hərbi komissar Cinayət Məcəlləsinin rüşvət alma (311.3.1, 311.3.2, 311.3.3-cü), vəzifə saxtakarlığı (313-cü), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1-ci) maddələri ilə ittiham olunur.

Hərbi komissarlığın digər vəzifəli şəxsləri və Hərbi həkim komissiyasının sədri rüşvətalma, vəzifə saxtakarlığı, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə cinayətlərində günahlandırılırlar.

Vətəndaş Abbasov isə dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma (325-ci), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326.2-ci), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhdə kömək göstərmə (32.5, 29, 318.1-ci) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti