...

Azərbaycana haker hücumu İran və Niderlanddan həyata keçirilib - nazir

Cəmiyyət Materials 21 Yanvar 2012 11:07 (UTC +04:00)
Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib.
Azərbaycana haker hücumu İran və Niderlanddan həyata keçirilib - nazir

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Nazirin sözlərinə görə, hücum nəticəsində 25 sayt zərər çəkib, lakin onların işi təxminən iki saat ərzində bərpa edilib.

"Bizim apardığımız araşdırma bir gün əvvəl başa çatıb və müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib. Biz dünən İran tərəfinə müraciət edərək hücumların həyata keçirildiyi ünvanları dəqiq göstərmişik. Biz inanırıq ki, hücumun həyata keçirildiyi yerə baxmayaraq, həmin ölkə tranzit kimi istifadə edilə bilər, əslində isə hücum üçüncü ölkədən həyata keçirilə bilər", - nazir qeyd edib.

"Biz inanırıq ki, bu ölkələrin dövlət strukturlarının mövcud faktla əlaqəsi yoxdur", - Abbasov bildirib.

Nazirin sözlərinə görə, yanvarın 16-da hücumlar Azərbaycan saytlarına, yanvarın 17-də İranın 35 saytına, yanvarın 19-da isə Ermənistanın 300-dən çox saytına həyata keçirilib.

Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

Xəbər lenti

Xəbər lenti