...

İrina Bokova: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi əhəmiyyətə malikdir

Cəmiyyət Materials 25 Yanvar 2012 14:42 (UTC +04:00)
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi rola və əhəmiyyətə malikdir.
İrina Bokova: Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi əhəmiyyətə malikdir

Fransa, Strasburq, 25 yanvar / Trend, müxbir A.Məhərrəmli/

Azərbaycan mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi rola və əhəmiyyətə malikdir. Bunu YUNESKO-nun baş direktoru xanım İrina Bokova çərşənbə günü Trend-ə eksklüziv açıqlamasında deyib.

"Azərbaycan YUNESKO-nun sıx əməkdaşlıq etdiyi bir ölkədir. Mədəniyyətlərarası dialoq sahəsində Azərbaycan beynəlxalq konfransların və digər mötəbər tədbirlərin keçirilməsi ilə bu dialoqun təşviq olunmasında çox önəmli rol oynayır", - Bokova əlavə edib.

O, xüsusi qeyd edib ki, YUNESKO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoq, maddi və qeyri-maddi mədəni irsin qorunmasında fəal rol oynayır.

"Onunla müxtəlif fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərimiz var. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda mədəniyyətlərarası dialoqa dair xüsusi əhəmiyyət kəsb edən tədbirlər keçirilib. İnanıram ki, gündən-günə qloballaşan dünyada daha çox ehtiyac duyulan mədəniyyətlərarası dialoqun təşviq olunması ilə qlobal çağırışlara uyğun cavablar tapa bilərik. Düşünürəm ki, Azərbaycan həm regionda, həm də ondan kənarda mədəniyyətlərarası dialoqun təşviq olunmasında xüsusi rola və əhəmiyyətə malikdir", - Bokova açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, YUNESKO-nun Azərbaycanla birgə həyata keçirəcəyi çoxlu layihə və ideyalar var.

"Bu, davamlı olan bir fəaliyyətdir", - YUNESKO-nun baş katibi qeyd edib.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur.

Hal-hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası 1992-ci iyulun 3-də həmin təşkilata daxil olmuşdur.

15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNЕSKО ilə Аzərbаycаn Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNЕSKО üzrə Аzərbаycаn Respublikasının Milli Kоmissiyаsının yeni tərkibi müəyyənləşdirilmişdir. Hazırda Komissiyanın sədri Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovdur.

Azərbaycan Respublikası YUNESKO-nun bir sıra Konvensiyalarına qoşulmuşdur.

Xəbər lenti

Xəbər lenti