Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyi münasibətilə tədbir keçirilib.
Universitetdən çərşənbə günü Trend-ə verilən məlumata görə, BDU-nun rektoru Abel Məhərrəmov Cahangir Məmmədlini Azərbaycan milli jurnalistika elmi məktəbinin görkəmli nümayəndəsi, ali jurnalistika təhsilinin təşkilatçisi, görkəmli elm, təhsil və mədəniyyət xadimi kimi xarakterizə edib. O deyib ki, Cahangir Məmmədli uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb. Professorun səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə də Cahangir müəllim haqqında xoş xatirələrini bölüşüb.
Yubilyar ona göstərilən diqqətə görə Abel Məhərrəmova təşəkkür edib.