...

Bakıda Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina edilib

Cəmiyyət Materials 25 Yanvar 2012 15:45 (UTC +04:00)
Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım atdı.
Bakıda Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina edilib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbulu ilə bağlı olaraq Gənclər üçün Təhsil Mərkəzi də özünəməxsus addım atdı.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, bu gün Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı Fransada fəaliyyət göstərən 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verdi.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son qoyulması ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz.

"Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı, totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə də yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik", - məlumatda qeyd olunub.

Mərkəz digər Azərbaycan QHT-lərini də Fransa təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Fransa Senatının alt palatası keçən il dekabrın 22-də qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim etmişdilər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti