...

Dövlət Komitəsi: Azərbaycanda vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz

Cəmiyyət Materials 31 Yanvar 2012 15:32 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmayıb.
Dövlət Komitəsi: Azərbaycanda vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmayıb.

Trend-in məlumatına görə, bu barədə komitənin "Human Rights Watch" təşkilatının Azərbaycanda dini etiqad azadlığı barədə hesabatı ilə bağlı məlumatında qeyd edilir.

Məlumatda bildirilir ki, təşkilatın hesabatında qanunlarda edilmiş əlavə və dəyişikliklərlə guya dini qurumlar üzərində daha çox məhdudiyyətlər qoyulması barədə fikirlər səsləndirilib.

"Komitə tərəfindən hər hansı vətəndaşa və dini quruma heç bir məhdudiyyət qoyulmayıb. Sadəcə olaraq, onlardan qanun çərçivəsində fəaliyyət göstərmələri tələb olunub", - komitə bildirir.

Məlumatda qeyd olunur ki, digər demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

"Bu məsələ "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda əks olunub. İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zərurətdən yaranan düzəlişlərin edilməsi ölkədəki dini tolerantlıq mühitini qoruyub saxlamaq, dini duruma mənfi təsir göstərən halların qarşısının alınması məqsədilə edilib", - komitə bildirir.

Hesabatda bildirilir ki, 2010-cu ilin iyun ayında Gəncə şəhərində "Yehovanın şahidləri"nin toplantısının qarşısı polis tərəfindən alınıb.

Komitənin məlumatında qeyd olunur ki, "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin birinci bəndinə əsasən, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyətində (DQİDK-da) dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər.

"2010-cu ilin iyun ayında Gəncədəki "Yehovanın şahidləri" icması Dövlət Komitəsində qeydiyyatdan keçmədən fəaliyyət göstərərək dini toplantılar təşkil etməyə cəhd edib, bunun qarşısı polis tərəfindən alınıb. Gəncə şəhərində "Yehovanın şahidləri" dini icmasına mənsub bir qrup şəxs "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsini pozmaqla inzibati xəta törədiblər", - məlumatda vurğulanır.

Hesabatda vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair komitə bildirir ki, qadınların orta ümumtəhsil məktəblərində və universitetlərdə hicab taxmalarının qarşısının alınması Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir.

"Bu məsələ "Təhsil haqqında" qanunun 14.10-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyil. Azərbaycan Respublikasında vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz", - məlumatda deyilir.

Azərbaycan İslam Partiyasının sədri Möhsüm Səmədovun və digərlərinin həbsinə dair hesabatda qeyd olunanlara münasibət bildirən komitə bəyan edir ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır.

Komitə bildirir ki, indiki zamanda Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir.

Xəbər lenti

Xəbər lenti