...

İranda bir sıra yanacaq məhsullarının qiyməti artırılacaq

Cəmiyyət Materials 20 Fevral 2012 13:01 (UTC +04:00)
"Subsidiyaların yönəldilməsi üzrə layihə"nin icrasının ikinci fazası çərçivəsində İranda benzin, qaz, su, dizel və mazutun qiyməti artırılacaq.
İranda bir sıra yanacaq məhsullarının qiyməti artırılacaq

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir T.Cəfərov/

"Subsidiyaların yönəldilməsi üzrə layihə"nin icrasının ikinci fazası çərçivəsində İranda benzin, qaz, su, dizel və mazutun qiyməti artırılacaq. Bunu İranın sənaye, mədənlər və ticarət naziri Mehdi Qəzənfəri deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

2009-cu ilin oktyabrından İran Parlamentində ölkə daxilində enerjidaşıyıcıların qiymətinin artırılması haqqında qanun və "Subsidiyaların yönəldilməsi üzrə layihə" təsdiq edilib. Qanuna əsasən, İranda neft, benzin və neft məhsullarının qiyməti tədricən artırılmalı və bu, enerjidaşıyıcıların FOB şərtlərilə Fars körfəzində satılan qiymətinin 90 faizindən aşağı olmamalıdır. Təbii qazın orta qiyməti isə ixrac olunan qazın qiymətinin ən azı 75 faizini (ƏDV ilə) təşkil etməlidir.

İran KİV-in məlumatına əsasən, İrandan qonşu ölkələrə ən çox benzin və dizel məhsulları qaçaq yolla daşınır. Hazırda benzin istehlakı sutkada 63 milyon litr təşkil edən İran bu neft məhsulunun satışına müəyyən limitlər qoyub. Rəsmi Tehran benzin subsidiyasının ləğvi ilə benzinin bir litrini 50-60 sentə satır. Bundan əlavə, hökumət çörək, elektrik enerjisi, su və qazın qiymətini dünya qiymətlərinə yaxınlaşdırmaq üçün bu sahədəki subsidyaları aradan qaldırıb.

İranda ev, sənaye kompleksləri, kənd təsərrüfatı sahəsində istifadə olunan qazın qiyməti 8-15 sent, avtomobillər üçün isə 25 sentdir.

Xəbər lenti

Xəbər lenti