...

Azərbaycanlı turistlərin Novruz bayramı günlərində daha çox üz tutacağı ölkənin adı açıqlanıb

Cəmiyyət Materials 29 Fevral 2012 17:09 (UTC +04:00)
Novruz bayramı günlərində Azərbaycanda həm daxili turistlərin, həm də ölkədən kənara gedən turistlərin sayında artım baş verəcək.
Azərbaycanlı turistlərin Novruz bayramı günlərində daha çox üz tutacağı ölkənin adı açıqlanıb

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir İ.İsabalayeva/

Novruz bayramı günlərində Azərbaycanda həm daxili turistlərin, həm də ölkədən kənara gedən turistlərin sayında artım baş verəcək.

Azərbaycan Turizm Assosiasiyasının (ATA) icraçı direktoru Aydın Məmmədov çərşənbə günü Trend-ə bildirib ki, azərbaycanlı turistlər Novruz bayramı günlərində dincəlmək üçün əsasən isti ölkələri seçiblər. Bu ölkələrin siyahısında ilk yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tutur.

Məmmədov deyib ki, azərbaycanlı turistlər BƏƏ-nin Dubay şəhərinə daha çox gedəcəklər. Həm hava şəraiti, həm də qiymətlərin digər uzaq ekzotik ölkələrdən münasib olması turistlərin Dubaya üstünlük verməsinə imkan verir.

"Bu səbəblərə görə Dubaya turist axını daha da artıb. İndidən Novruz günləri üçün təyyarə biletləri demək olar ki, satılıb. Artıq martın 25 və 26-sı üçün Azərbaycana geri qayıdış biletləri yoxdur, biletlərdə qıtlıq hiss olunur", - ATA rəsmisi bildirib.

Onun sözlərinə görə, Novruz günləri üçün endirimlər hər ölkə üzrə fərqlidir. Dubaydakı və Türkiyədəki hotellərin qiymətlərində 15-20 faiz endirim edilib.

Məmmədov deyib ki, Azərbaycanda Novruz günləri üçün turizm şirkətləri tərəfindən Qəbələ, Şəki şəhərləri, Quba-Qusar zonalarına da turlar təşkil olunur. Bu qiymətləri olduqca münasib sayan Məmmədovun sözlərinə görə, turizm şirkətləri tərəfindən istirahət etmək istəyən şəxslərin maddi imkanlarına uyğun paketlər hazırlanıb.

Azərbaycanda turizm xidmətlərinin qiymətlərinin o qədər də baha olması fikri ilə razılaşmayan Məmmədov hesab edir ki, Azərbaycanda istirahət etmək istəyənlər erkən bronlaşdırmaya maraq göstərmirlər. Ancaq erkən bronlaşdırma olarsa, qiymətlər də aşağı olar. Gediş vaxtına nə qədər az vaxt qalarsa, qiymət də bir o qədər baha olur.

Belə vəziyyətin hər bir ölkədə müşahidə edildiyini deyən ATA-nın icraçı direktorunun fikrincə, buna görə də insanlar istirahət etdikləri yeri lap əvvəldən planlaşdırmalıdır. Çünki bu halda istirahət etmək istəyən şəxsə istirahət daha ucuz başa gəlir.

"Dünyanın bir çox ölkələrində, o cümlədən Avropada yay istirahəti üçün biletlər ilin əvvəlindən alınır. Yanvar-fevral aylarından artıq biletlər satılır. Azərbaycanda isə fevral başa çatandan sonra camaat fikirləşir ki, dincəlmək lazımdır. Bunu bir az əvvəlcədən fikirləşmək, erkən bronlaşdırmaya getmək lazımdır", - Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti