...

BMT İP-nin Turizmin İnkişafı layihəsi: Azərbaycanda ekoturizmin inkişaf etdirilməsinə böyük ehtiyac var

Cəmiyyət Materials 6 Mart 2012 10:42 (UTC +04:00)
Azərbaycanda ekoturizmin inkişaf etdirilməsinə, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var.
BMT İP-nin Turizmin İnkişafı layihəsi: Azərbaycanda ekoturizmin inkişaf etdirilməsinə böyük ehtiyac var

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir İ.İsabalayeva

Azərbaycanda ekoturizmin inkişaf etdirilməsinə, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına böyük ehtiyac var. Bunu çərşənbə axşamı Trend-ə BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov deyib.

O hesab edir ki, ekoturizmi daha da inkişaf etdirmək üçün milli parklar üçün xüsusi bələdçilər hazırlanmalıdır. Gələn turistləri təhlükəsiz marşrut üzrə hərəkət etdirmək üçün bələdçilər təbiətin müəyyən xüsusiyyətlərini bilməlidirlər. Buna görə də bələdçilər yerli mütəxəssislər olmalıdırlar.

Qürbətov əlavə edib ki, Azərbaycana turistlər daha çox Gürcüstan, Rusiya, Türkiyə və İrandan gəldiyi üçün sərhəd turizminin inkişafı lazımdır. Bunun üçün isə sərhəd rayonlarda infrastrukturun daha da təkmilləşdirilməsi yaxşı olar.

Azərbaycana sərhəd ölkələrdən gələn turistlərin sayını artırmaq üçün sərhəd rayonlarda sərhəd ölkələrin dilində personal, onların xüsusiyyətlərinə uyğun hotellər hazırlana bilər.

Layihə əlaqələndiricisi qeyd edib ki, Azərbaycanda əsasən mədəniyyət və təbiət turizmi inkişaf edib. Azərbaycana gələnlər daha çox müxtəlif rayonlarda olan milli parklar, qoruqlara səyahət edir, heyvanat aləmini seyr edirlər.

Qürbətov bildirib ki, müəyyən bayramlarda Azərbaycana bəzi ölkələrdən gələn turistlərin sayı çoxalır. Məsələn, Novruz bayramında Azərbaycana İrandan gələn turistlərin sayı artır.

"Bunları nəzərə alaraq, sərhəd rayonlarda bayram ərəfəsində hansısa xüsusi proqramların hazırlanması yaxşı olardı. Sərhəd bölgələrdə qonşu ölkələrin spesifikasına uyğun xidmət sferasını genişləndirmək daha yaxşı olar", - layihə əlaqələndirici əlavə edib.

O, qeyd edib ki, Azərbaycana gələn turistlərin əsas xərcləri hotel və yemək xərclərinə sərf olunur. Turistlərin digər əlavə xərcləri isə onların hər biri üçün fərqli olur.

"Elə turistlər var ki, dadlı yeməkləri sevirlər. Onlar istəyirlər ki, ən bahalı restoranlarda yeməkləri dadsınlar, müxtəlif regionların yeməklərini dadsınlar. Bəzi insanlar var ki, kənd yerlərində yaşayışı seçirlər. Evlərdə qalmaq çox ucuz başa gəlir. Onlar pullarını əsas səyahətə xərcləyirlər. Bunun üçün maşın icarəyə götürür, gid-bələdçi tuturlar", - layihə əlaqələndirici bildirib.

Xəbər lenti

Xəbər lenti