Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan narkotiklərlə mübarizədə beynəlxalq təşkilatların və mərkəzlərin fəaliyyətində aktiv iştirak edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası" adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Azərbaycanın Daxili İşlər Nazirliyi narkotik alveri ilə mübarizəni ölkə daxilində aparır. Beynəlxalq qaçaqmalçılığa qarşı Milli Təhlükəsizlik Nazirliyi fəaliyyət göstərir. Bu proseslərdə Dövlət Sərhəd və Gömrük xidmətləri də önəmli rol oynayır.
Ölkə daxilində narkotiklərlə mübarizə üzrə bir sıra dövlət proqramları həyata keçirilir.
Azərbaycan Cənubi Qafqazda BMT-nin Narkotiklə mübarizə üzrə Konvensiyasına qoşulan ilk ölkələrdən biri olub. Həmçinin Azərbaycan regionda narkotiklə mübarizə üçün xüsusi polis dəstələri yaradıb.
Ötən illər ərzində Azərbaycan beynəlxalq təşkilatlarda və ikitərəfli sazişlərdə fəal iştirak etməklə narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün yeni strategiyaların işlənib hazırlanması və həyata keçirilməsinə səylər göstərib.
Azərbaycan hökuməti ABŞ və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə sərhəd nəzarətinin genişləndirilməsinə xüsusi maraq göstərib. Azərbaycan yeni texnologiyalar təchiz etmək, daha yaxşı kadrlar hazırlamaq, yer və dəniz sərhədlərini qorumaq üçün ABŞ agentlikləri ilə sıx əməkdaşlıq edib.