...

Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi proseslərinin monitorinqi təklif olunub

Cəmiyyət Materials 15 Mart 2012 10:09 (UTC +04:00)
Avtomobillərin texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi üçün nəzəri və praktiki imtahan proseslərinin mütəmadi monitorinq edilməsi təklif olunub.
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi proseslərinin monitorinqi təklif olunub

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir K.Zərbalıyeva/

Avtomobillərin texniki baxışdan keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi üçün nəzəri və praktiki imtahan proseslərinin mütəmadi monitorinq edilməsi təklif olunub.

"Təhlükəsiz Yol" Alyansından Trend-ə verilən məlumata görə, Alyans üzvlərinin Respublika Baş Dövlət və Bakı şəhər Dövlət Yol Polisi idarələrinin rəsmiləri ilə görüşündə bu barədə müzakirələr aparılıb.

Həmçinin ağır iş rejimi ilə çalışan yol patrul əməkdaşlarının psixoloji dözümlülüyünün artırılması, xüsusən gənc yol polisi əməkdaşlarının beynəlxalq etik davranış normaları ilə tanış edilməsi, yol nişanlarının durumu ilə bağlı birgə araşdırmaların aparılması və sair zərurli layihələr də Alyans tərəfindən təklif edilib.

Görüşün yekununda "Təhlükəsiz Yol" Alyansı və BDYPİ-nin birgə fəaliyyətə dair memorandumunun və fəaliyyət proqramının hazırlanması barədə qərar verilib.

Görüşün keçirilməsində məqsəd yol qəzalarının qarşısının alınması, bu sahədə preventiv işlərin aparılması istiqamətində dövlət və ictimai sektorların əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Qeyd edilib ki, yol qəzalarının qarşısının alınması üçün dövlət qurumlarına ictimai dəstəyin verilməsi, bu sahədə ictimai nəzarətin gücləndirilməsi vacibdir.

"Təhlükəsiz Yol" Alyansı eyni təşəbbüslə Nəqliyyat Nazirliyinə də müraciət edib.

Alyans hesab edir ki, yol qəzalarının baş verməsinin əsas səbəblərindən olan yol infrastrukturundakı mövcud problemlərin aradan qaldırılmasına məsul olan qurum Nəqliyyat Nazirliyidir və bu sahədə nazirlik bu proseslərə cəlb olunmalıdır.

Nəqliyyat Nazirliyi Alyansın təşəbbüsünə hələ ki heç bir reaksiya verməyib.

Xəbər lenti

Xəbər lenti