...

Azərbaycanda təhsil müəssisələrinin akkreditasiya meyarlarına əlavələr ediləcək

Cəmiyyət Materials 28 Mart 2012 13:55 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının dövlət standartlarına uyğunluğu meyarlarına əlavələr etməyi nəzərdə tutur.
Azərbaycanda təhsil müəssisələrinin akkreditasiya meyarlarına əlavələr ediləcək

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi təhsil müəssisələrinin akkreditasiyasının dövlət standartlarına uyğunluğu meyarlarına əlavələr etməyi nəzərdə tutur. Bunu çərşənbə günü Trend-ə Nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçmiş təhsil müəssisəsindəki nöqsanların aradan qaldırılması üçün nəzarət mexanizminin yaradılması planlaşdırılır.

Zərbəliyev bildirib ki, akkreditasiyadan keçən təhsil müəssisəsi 5 illik tədbirlər planı hazırlayır, daha sonra isə həmin təhsil müəssisəsi hər il nöqsanların aradan qaldırılması barədə Təhsil Nazirliyinə məlumat verir: "Biz meyarlara qeyd kimi əlavə etmək istəyirik ki, Təhsil Nazirliyi təhsil müəssisələrinin nöqsanlarının aradan qaldırılmasına nəzarət etsin. Bu məqsədlə nazirliyin akkreditasiya şöbəsi uyğun şöbə ilə birlikdə təhsil müəssisəsində yoxlama keçirəcək".

Zərbəliyev deyib ki, yoxlama zamanı təhsil müəssisəsinin nöqsanları aradan qaldırmadığı aşkarlanarsa, ona xəbərdarlıq ediləcək. Bu amil həmin təhsil müəssisəsinin növbəti akkreditasiyasına da ciddi təsir göstərə bilər.

Nazirlik rəsmisi hesab edir ki, bu dəyişiklik təhsil müəssisəsinin daha məsuliyyətli olmasına gətirib çıxaracaq. Bu halda təhsil müəssisəsi nəzarəti hiss edəcək və işinə daha ciddi yanaşacaq.

Qeyd edək ki, təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti