...

Azərbaycanda mədəniyyət klubları ləğv edilir

Cəmiyyət Materials 30 Mart 2012 10:44 (UTC +04:00)
Azərbaycandakı mədəniyyət klublarının fəaliyyət istiqamətləri genişləndirilir və müasirləşdirilir.
Azərbaycanda mədəniyyət klubları ləğv edilir

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycandakı mədəniyyət klublarının fəaliyyət istiqamətləri genişləndirilir və müasirləşdirilir. Bunu Trend-ə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

Onun sözlərinə görə, artıq bu işə başlanılıb, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət klublarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əmr verib.

Əliyev deyib ki, mədəniyyət klublarının əvəzində mədəniyyət mərkəzləri yaradılacaq. Bir çox mədəniyyət istiqamətləri bu mərkəzdə birləşəcək.

"Bununla da sovet dövründən qalmış mədəniyyət klubları öz əhəmiyyətini demək olar ki, itirəcəklər. Artıq bu işlərin görülməsinə başlanılıb. Bütün rayonlarda, kəndlərdə - harada mədəniyyət klublarımız var onların hamısının funksiyaları artıq genişlənir, müasirləşir", - nazir müavini əlavə edib.

O qeyd edib ki, yeni mədəniyyət mərkəzləri mədəniyyət klublarının səlahiyyətlərinə sahib olacaqlar. Eyni zamanda, hansısa yerdə diyarşünaslıq, folklor, tarixi abidələr, incəsənətlə bağlı mərkəzlər varsa, onlar da mədəniyyət mərkəzlərinə daxil olacaqlar. Bundan əlavə, bəzi yerlərdəki filial kitabxanalar da mədəniyyət mərkəzlərinin tabeliyində fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti