...

Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyət istiqamətinin dəyişdirilməsi təklif edilir

Cəmiyyət Materials 4 Aprel 2012 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və onların hansı təhsil növünə cəlbi məsələsində əsas qərarı verən Azərbaycan Təhsil Nazirliyinin Psixoloji-tibbi-pedaqoji komissiyasının fəaliyyət istiqamətinin dəyişdirilməsi təklif edilir. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, 2001-ci ildən fəaliyyət göstərən, həkim, psixoloq, pedaqoqlar daxil olmaqla, 12 nəfər üzvü olan Psixoloji-tibbi-pedaqoji komissiya hazırda təhsil almaq istəyən sağlamlıq imkanları məhdud uşaqların vəziyyətini qiymətləndirir. Sonda bu komissiya uşağın inkluziv (sağlamlıq imkanları məhdud uşaqların sağlam uşaqlarla birgə təhsil alması), evdə təhsil və ya xüsusi təhsilə cəlbi barədə qərar verir.

Hacıyeva deyib ki, hazırda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün dəqiq qiymətləndirmə meyarları mövcud deyil. Bu səbəbdən Psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən rəy verilməsi zamanı müəyyən çətinliklər yaranır.

İdarə rəisi hesab edir ki, uşaqların təhsil hüquqlarının təmin edilməsi üçün Psixoloji-Tibbi-Pedaqoji Komissiya tərəfindən onların təhsil ehtiyacları müfəssəl qiymətləndirilməlidir. Bu komissiya uşaqların qiymətləndirilməsini həyata keçirməklə yanaşı, hər bir uşaq üçün kompleks yanaşmanı təmin edən fərdi inkişaf planının hazırlanması prosesinə də qoşulmalı və məktəb rəhbərlərinə bu işdə kömək etməlidir.

Hacıyeva Psixoloji-tibbi-pedaqoji komissiyanın fəaliyyət istiqamətinin dəyişdirilməsi təkliflərinin 2012-2019-cu illər üzrə İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramının layihəsinə daxil edildiyini bildirib.

Qeyd edək ki, Dövlət Proqramının layihəsi artıq Nazirlər Kabinetinə təqdim edilib.

Xəbər lenti

Xəbər lenti