...

Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə qərarın vaxtı uzadılıb

Cəmiyyət Materials 10 Aprel 2012 15:39 (UTC +04:00)
Azərbaycan hökuməti iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə qərarın vaxtını 2013-cü ilədək uzadıb.
Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə qərarın vaxtı uzadılıb

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycan hökuməti iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə qərarın vaxtını 2013-cü ilədək uzadıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Hökumətin qərarına görə, "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2013-cü il yanvarın 1-dək uzadılıb.

Qərara əsasən, Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılır ki, tabeliyində olan qurumlarda müvafiq vakant iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Qərara əsasən, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti