...

"Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçiriləcək

Cəmiyyət Materials 12 Aprel 2012 15:20 (UTC +04:00)
1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasının dəstəyi ilə "Vergilər uşaqların gözü ilə" adlı onuncu rəsm müsabiqəsi keçiriləcək.
"Vergilər uşaqların gözü ilə" adlı rəsm müsabiqəsi keçiriləcək

Azərbaycan, Bakı, 12 aprel /Trend/

1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasının dəstəyi ilə "Vergilər uşaqların gözü ilə" adlı onuncu rəsm müsabiqəsi keçiriləcək.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, gənc nəslin vergi haqqında anlayış və biliklərini artırmaq, gələcəyin potensial vergi ödəyicilərinə vergi mədəniyyəti aşılamaq istiqamətində hər il təşkil olunan bu sərgilərdə məqsəd vergi haqqında biliklərin uşaqların başa düşə biləcəyi formada onlara çatdırılmasından ibarətdir.

Vergilər Nazirliyi vergi biliklərinin təbliği prosesində Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Məktəblərdə vergi mövzusunda dərsdən əlavə xüsusi təlimlər keçirilir. Uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə vergi barədə bilikləri mənimsəyirlər. Rəsm müsabiqələri bu biliklərin uşaqlar tərəfindən mənimsənilməsinin stimullaşdırılması üçün bir vasitədir. Bu müsabiqələrdə uşaqlarda vergi barədə formalaşdırılmış biliklər kağız üzərinə köçürülür.

Müsabiqələrdə iştirak edən rəsm əsərləri Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının rəsm qalereyasına təqdim olunur və münsiflər heyəti tərəfindən qiymətləndirilir. Təşkil olunan sərgidə isə təqdim olunan bütün rəsm əsərləri nümayiş olunur. Rəsm müsabiqəsi 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına daxil olan iştirakçılar arasında keçirilir. Rəsm müsabiqələri çərçivəsində asfalt üzərində rəsm və hekayə müsabiqəsi də keçirilir. Hər il 250-dən çox rəsm əsərinin təqdim olunduğu sərgilərdə rəsm əsərlərinin müəllifləri sertifkatla, qaliblər isə xüsusi diplom və hədiyyələrlə təltif olunur.

Tədbirdə nümayiş olunan rəsm əsərləri "Vergilər uşaqların gözü ilə" adlanan jurnal şəklində çap olunur və rəsm müsabiqəsinin iştirakçılarına paylanır. Azərbaycan və ingilis dillərində çap olunan jurnal Vergilər Nazirliyinin il ərzində iştirak etdiyi bütün sərgilərdə, nazirliyin təşkil etdiyi digər tədbirlərdə də paylanır.

Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda Vergilər Nazirliyinin inzibati binasının divarlarında öz layiqli yerini tutmuş və Vergilər Nazirliyi tərəfindən hazırlanmış "Müstəqil Azərbaycanın vergi sistemi" adlı xüsusi nəşrdə də öz əksini tapıb.

Ötən illər ərzində sərgidə ümumilikdə 2500-ə yaxın rəsm əsəri iştirak edib. Bu illər ərzində sərgiyə təqdim olunan rəsmlər də xeyli təkmilləşib, mövzu çalarları zənginləşib.

Hər il keçirilən bu müsabiqə iştirakçıların yüksək marağına səbəb olur. Bu il də "Vergilər uşaqların gözü ilə" sərgisinin yubiley tədbiri olaraq yüksək səviyyədə keçirilməsi nəzərdə tutulub. Ötən illərdən fərqli olaraq, bu il müsabiqəyə 1 iyun tarixində H.Cavid adına parkda yekun vurulacaq. Final günü rəsm işlərinin sərgisi ilə yanaşı, qaliblərin təntənəli şəkildə təltif olunması və uşaqlar üçün böyük şənliyin təşkili nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək istəyənlər rəsmlərini 20 may 2012-ci il tarixədək T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasına (28 May küçəsi, 21) təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti