...

Azərbaycanda sosial yardım üçün alternativ müraciət mexanizmlərinin icrası vəziyyəti müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2012 15:14 (UTC +04:00)
Bakının Nizami rayonunda cümə axşamı "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib.
Azərbaycanda sosial yardım üçün alternativ müraciət mexanizmlərinin icrası vəziyyəti müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bakının Nizami rayonunda cümə axşamı "Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə sosial müqavilələrin imzalanması, onlara müvafiq bildirişlərin paylanması və rayonda ünvanlı sosial yardım üçün poçtla və elektron qaydada alternativ müraciət mexanizmlərinin icra vəziyyətinin müzakirəsi ilə bağlı tədbir keçirilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunmuş ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına, nəticə etibarilə, kənd yerlərində heyvandarlığın inkişafına müsbət təsir göstərdiyini deyib, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini vurğulayıb.

Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb. Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını möhtərəm dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Azərbaycan Prezidentinin 23 may tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar nazirlik tərəfindən əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, ünvanlı yardımların təyinatı prosesində məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və subyektiv amillərin aradan qaldırılması məqsədilə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin Nizami rayonunda icrası vəziyyəti də müzakirə edilib.

"Özünədəstək" - Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. Layihənin ilk sınaq işlərinə 2011-ci ilin mart ayında Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində başlanılıb. Əldə olunan müsbət təcrübə əsas götürülməklə cari ilin ilk rübündə Bakının Nizami rayonunda bu sahədə işlər davam etdirilib.

Proqrama əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən "Sosial müqavilə" imzalanır. Həmçinin, ailə məşğul olacağı fəaliyyətlə bağlı "Ailənin fəaliyyət planı"nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri icra edir. Sosial yardım proqramlarında iştirakçıların məsuliyyətinin, onlara dövlət tərəfindən verilən yardımların effektivliyinin artırılması məqsədilə imzalanan sosial müqavilələr respublikamızda ilk dəfə tətbiq edilir.

Qeyd edək ki, "Özünədəstək" layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti