...

Aİ-nin Azərbaycanda kənd təsərrüfatı üzrə proqramının icrası müzakirəsi olub

Cəmiyyət Materials 26 Aprel 2012 15:35 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasov cümə axşamı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Aİ-nin Azərbaycanda kənd təsərrüfatı üzrə proqramının icrası müzakirəsi olub

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Kənd təsərrüfatı naziri İsmət Abasov cümə axşamı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Aİ-nin Azərbaycanda "Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı"nın icrasının müzakirəsi olub.

Abasov Azərbaycanın Avropaya inteqrasiyası yolunda çox ciddi addımlar atıldığını və Aİ-nin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində həmişə öz dəstəyini göstərdiyini nəzərə çatdıraraq, aprelin 17-20-də Bakıda keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında Avropa İttifaqının nümayəndələrinin iştirakını yüksək dəyərləndirib.

Nazir bildirib ki, Azərbaycanda ümumi daxili məhsulun 2 dəfə artırılması qarşıya məqsəd kimi qoyulub. Bu da əsasən qeyri-neft sektorunun payına düşür. Bu məqsədlə kompleks işlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsinə artıq başlanılıb. Aqrar sahənin inkişafına dəstək məqsədilə beynəlxalq maliyyə qurumlarının köməyinə ehtiyac duyulur. Bu məqsədlə Avropa İttifaqı tərəfindən tədbirlərin həyata keçirilməsi təqdirəlayiqdir.

Görüşdə "Kənd Təsərrüfatı və Kənd Ərazilərinin İnkişafına Büdcə Dəstəyi Proqramı" çərçivəsində müzakirələr aparılıb, proqramın ölkəmizdə tezliklə həyata keçirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.

Kobia proqramın qısa zamanda həyata keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Abasov proqramın Azərbaycanda icrasının sürətləndirilməsi məqsədilə öz təkliflərini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti