...

Bəxtiyar Sadıqov: Azərbaycanda olan mətbuat və söz azadlığına beynəlxalq qurumlar qərəzli yanaşır

Cəmiyyət Materials 2 May 2012 14:01 (UTC +04:00)
Azərbaycanda olan mətbuat və söz azadlığına beynəlxalq qurumlar tərəfindən yanaşmada ikili standartlar mövcuddur.
Bəxtiyar Sadıqov: Azərbaycanda olan mətbuat və söz azadlığına beynəlxalq qurumlar qərəzli yanaşır

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda olan mətbuat və söz azadlığına beynəlxalq qurumlar tərəfindən yanaşmada ikili standartlar mövcuddur. Bunu çərşənbə günü Trend-ə açıqlamasında "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

"Freedom House" təşkilatının hesabatına münasibət bildirən millət vəkili qeyd edib ki, bu cür qurumların gördükləri işlər, çıxardıqları nəticələr şübhəlidir və heç də onlara hörmət gətirmir.

Qeyd edək ki, "Freedom House" beynəlxalq hüquq müdafiə təşkilatı dünyanın 197 ölkəsində azadlığın səviyyəsinin illik indeksini açıqlayıb.

"Qanunvericilik elə bir imkan yaradıb ki, Azərbaycanda son dərəcə asan şəkildə qəzet təsis edib, jurnalistika ilə məşğul olmaq mümkündür. Azərbaycanda jurnalistlər üçün qapalı zona, qadağan olunmuş mövzu yoxdur. Azərbaycanda KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub və bu konsepsiya əsasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb", - Sadıqov deyib.

O bildirib ki, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial rifahını yüksəltmək üçün dövlət maddi yardımlar edir, qrant lahiyələri elan edir, müsabiqələr keçirir, dövlət başçısının sərəncamı ilə vəsait ayrılıb, jurnalistlər üçün mənzil tikilir.

"Bütün bunları görməmək, elə həmişə dediyini demək, həmişə Azərbaycana bu cür qərəzli, ikili standartlardan yanaşmaq həmin qurumların özünə hörmət gətirmir. Çünki onların qərəzliliyi açıq görünür", - millət vəkili qeyd edib.

Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasına münasibət bildirən Sadıqov deyib ki, Azərbaycanda həqiqi söz və mətbuat azadlığı uzun müddət xalqın, xüsusən qələm əhlinin, jurnalistlərin arzusu olub.

"Hələ bizim böyük mütəfəkkirimiz, ən böyük jurnalistimiz Həsən bəy Zərdabi "Əkinçi" qəzetini buraxmaq istəyəndə öncə onun senzoru müəyyənləşib. İctimai quruluşlar, hakimiyyət, zaman dəyişsə də, Azərbaycanda uzun müddət söz və mətbuat nəzarət altında olub, azad sözü ifadə etmək mümkün olmayıb. Lakin ulu öndər Heydər Əliyevin çox böyük cəsarət və qətiyyəti sayəsində Azərbaycanda söz və mətbuat azadlığı formalaşıb və bu gün də Azərbaycanda sözün həqiqi mənasında azad mətbuat, azad söz mövcuddur", - millət vəkili deyib.

O qeyd edib ki, jurnalistlər bütün mövzulara müraciət edirlər, adi məmurdan tutmuş ali məmura, nazirlərə, dövlət başçısına qədər hamı haqqında fikir söyləyirlər, yazı yazırlar, tənqid edirlər, təəssüf ki, bəzən təhqiramiz ifadələr də işlədirlər.

"Yəni Azərbaycanda mətbuat və söz azadlığı ilə bağlı heç bir problem yoxdur və bu, Azərbaycan iqtidarının çox böyük uğurudur", - Sadıqov deyib.

Xəbər lenti

Xəbər lenti