...

Macarıstan universitetinin kitabxanasında Azərbaycan və Heydər Əliyev guşələri yaradıla bilər

Cəmiyyət Materials 8 May 2012 13:51 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibətilə Macarıstanın Etvöş Lorand Universitetinin (ELTE) Mərkəzi Kitabxanasında anım tədbiri keçirib.
Macarıstan universitetinin kitabxanasında Azərbaycan və Heydər Əliyev guşələri yaradıla bilər

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 89 illiyi münasibətilə Macarıstanın Etvöş Lorand Universitetinin (ELTE) Mərkəzi Kitabxanasında anım tədbiri keçirib.

Trend-in səfirliyə istinadən verdiyi məlumata görə, tədbirdə böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini, müasir Azərbaycanın inkişaf yolunu əks etdirən kitab, buklet və albomlardan ibarət sərgi təşkil edilib.

Macarıstandakı Azərbaycan diasporu nümayəndələrinin, Budapeşt ali məktəblərində təhsil alan azərbaycanlı və macar tələbələrin, ELTE Universitetinin müəllim və tələbələrinin, kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Vilayət Quliyev öz çıxışında mərhum Prezident Heydər Əliyevin həyat və fəaliyyəti, həm sosializm dövründə, həm də müstəqillik illərində Azərbaycan dövlətinin qurulub möhkəmlənməsinə, ölkədə elmin, təhsilin inkişafına verdiyi böyük töhfələrdən danışıb.

Səfir sərgidə nümayiş etdirilən çap məhsullarının Etvöş Lorand Universitetinin kitabxanasına hədiyyə olunduğunu bildirib. 450 ildən bəri fəaliyyət göstərən və fondunda yüz minlərlə çap məhsulu mühafizə edilən bu kitabxanada yaxın gələcəkdə Azərbaycan və Heydər Əliyev guşələrinin yaradılması fikri ifadə olunub.

Kitabxananın direktoru doktor Laslo Sogi öz çıxışında türk dünyasının bir parçası kimi Macarıstanda Azərbaycana böyük maraq göstərildiyini bildirib, hədiyyə olunan kitabların universitetin alim və tələbələrinin bu ölkəni daha yaxından tanımalarına imkan yaradacağını vurğulayıb.

O, ölkəmizin ali məktəbləri, ilk növbədə Bakı Dövlət Universiteti ilə ardıcıl kitab mübadiləsini həyata keçirməyə hazır olduqlarını da xüsusi qeyd edib.

Daha sonra tədbir iştirakçıları sərgidəki kitab və albomlarla tanış olublar. Səfirlik tərəfindən iştirakçılar üçün qəbul düzəldilib.

Xəbər lenti

Xəbər lenti