Azərbaycan, Bakı, 29 may /Trend/
Azərbaycanın Litvadakı səfirliyi 28 may Respublika Günü münasibətilə təntənəli mərasim və rəsmi qəbul təşkil edib.
Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, 28 may Respublika Günü Litvada böyük çoşqu ilə keçirilmişdir.
Tədbirdə 400-dən artıq qonaq iştirak etmişdir. Litva Seyminin Avropa məsələləri üzrə vitse-spikeri Vitautas-Çeslovas Stankyaviçyus, Daxili İşlər Naziri Arturas Melianas, Energetika Naziri Arvidas Sekmokas, Litva siyasətinin patriarxı, Litvanın ilk dövlət başçısı, hal-hazırda Avropa Parlamentinin üzvü Vitautas Landsbergis, Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Eqidiyus Vareykis, Seymin bir çox komitələrinin sədrləri, millət vəkilləri, Litva Prezident Administrasiyasının, Baş Nazirliyin və Xarici işlər nazirliyinin, eləcə də digər naziliklərin yüksək səviyyəli nümayəndələri, Litvada akkreditə olunan xarici ölkələrin əksər səfirləri, ölkənin tanınmiş ictimai-siyasi, elm, mədəniyyət və idman xadimləri, eləcə də bir çox soydaşlarımız iştirak etmişlər.
Tədbir Azərbaycan və Litva dövlət himnləri ilə başlamışdır. Səfir Həsən Məmmədzadə öz çıxışında şərqdə, eləcə də müsəlman-türk aləmində ilk dəfə olaraq, Azərbaycanda demokratik respublikanın yaradılması tarixindən bəhs etmiş, müasir Azərbaycanın hərtərəfli inkişafı barədə məlumat vermişdir. Səfir bir neçə gün əvvəl Bakıda keçirilən möhtəşəm "Avroviziya 2012" mahnı müsabiqəsində Litvanın Azərbaycana ən yüksək bal verməsindən dolayı Litva ictimaiyyətinə öz təşəkkürünü bildirmişdir.
Azərbaycanlı diplomat öz çıxışında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçı siyasətindən danışmış, münaqişənin bu gün də həllini tapmadığını vurğulamışdır.
Səfirlik tərəfindən Azərbaycandan Respublika Günü ilə əlaqədar dəvət olunmuş xalq artisti Mələkxanım Eyubova, xalq artisti Möhlət Müslümov və Nazim Əsədullayevin müşayiəti ilə qədim və misilsiz muğam nümunələri Litvalı qonaqlarda xoş təəssürat oyatmışdır.
Bayram əhval-ruhiyyəsində keçən tədbirdə qonaqlar öz təbrik və minnətdarlıqlarını bildirmişlər, yüksək səviyyədə təşkil olunan tədbir haqqında məmnunluqlarını ifadə etmişlər.
Qonaqlara xalqımızın ləziz milli yeməkləri, şirniyyat və içkilər təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, Litva televiziyasının "Labas rytas" səhər proqramında Respublika Gününə həsr olunmuş xüsusi veriliş göstərilmişdir. Səfir Həsən Məmmədzadənin canlı olaraq müsahibəsi yayımlanmış, incəsənət xadimlərinin ifası səslənmişdir.