Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/
Mədəniyyət və Turizm Nazirliyinin "Baku City Tour" layihəsi çərçivəsində turistlər üçün turlarla bağlı dəyişiklik edəcək.
Nazirliyin turizm şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mayın 15-dən başlayan turların sonuncusu sabah olacaq. Ötən müddətdə hər gün təxminən 1000 nəfər üçün tur təşkil olunub.
Turlar hər gün saat 10:00-dan başlayaraq (hər saatdan bir olmaqla) axşam 20:00-dək davam edir. İkimərtəbəli, müasir standartlara cavab verən avtobuslarla qonaqlar Bakının müxtəlif görməli yerlərindən keçir, şəhərin tarixi, arxitekturası, turizm imkanları ilə bağlı məlumat alırlar. Hər marşrut 3 saat 50 dəqiqə davam edir.
Nazirlikdən deyilib ki, layihənin yeni formatda həyata keçirilməsi planlaşdırılır. Turlar gün ərzində 1 və ya 3 dəfə olacaq. Bununla yanaşı, turların müddəti də azaldılacaq. Şəhər turunun maksimum 2 saat davam etməsi nəzərdə tutulur. Hazırda pulsuz olan turların ödənişli əsaslarla davam etdiriləcəyi nəzərdə tutulur.