...

Azərbaycanda cəriməni ödəməyən sürücülərin nəzərinə

Cəmiyyət Materials 6 İyun 2012 12:45 (UTC +04:00)
Azərbaycan Yol Polisi cəriməni 2 aydan artıq müddətdə ödəməyən sürücülərə qarşı reydlərə başlayıb.
Azərbaycanda cəriməni ödəməyən sürücülərin nəzərinə

Azərbaycan, Bakı, 6 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Yol Polisi cəriməni 2 aydan artıq müddətdə ödəməyən sürücülərə qarşı reydlərə başlayıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, hazırda respublikada mərkəzi məlumat sisteminin informasiyasına əsasən, yol hərəkəti qaydasının pozuntusuna görə təyin olunmuş cəriməni 2 aydan artıq müddətə ödəməyən 30 minə yaxın sürücü var.

Bu sürücülərin aşkar olunması məqsədilə reydlərə başlanıldığını deyən Əliyev sürücülərə xitabən bildirib ki, ötən il iyulun 1-dən bu günə qədər kimin ödənilməmiş cəriməsi varsa, protokol üzrə cərimə məbləğini bank, poçt və ya internet vasitəsilə ödəsinlər.

İdarə sözçüsü qeyd edib ki, yol verdiyi inzibati xətaya görə barəsində çıxarılmış qərar üzrə cəriməni 2 ay müddətində ödəməyən şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsi qanunun tələbinə müvafiq olaraq saxlanılaraq mühafizə olunan dayanacağa aparılacaq.

"Cərimə, dəbbə pulu ödənildikdən sonra nəqliyyat vasitəsi buraxılacaq", - Əliyev deyib.

Onun sözlərinə görə, inzibati cərimə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır.

Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

Əliyev bildirib ki, cərimə ödənilməsi barədə qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilmədikdə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan 1 ilədək müddətə məhdudlaşdırılır və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir.

Şöbə rəisi əlavə edib ki, sürücülər cərimə məbləği və cərimə balları barədə məlumatları unudubsa, Daxili İşlər Nazirliyinin www.mia.gov.az və ya BDYPİ-nin www.dyp.gov.az rəsmi internet saytlarının "Cərimələr və cərimə balları barədə məlumatlar" bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin məlumatları öyrənə bilərlər.

Xəbər lenti

Xəbər lenti