...

Mətbuat Şurasında "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 13 İyun 2012 15:50 (UTC +04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin birgə təsis etdikləri "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimat mərasimi keçirilib.
Mətbuat Şurasında "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) və Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin birgə təsis etdikləri "Həqiqətə xidmətlərinə görə" mükafatının növbəti təqdimat mərasimi keçirilib.

Şuradan çərşənbə günü Trend-ə verilən məlumata görə, müəllifi olduğu "Yol romanı"nda türk dünyası ilə bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına görə "Ədalət" qəzetinin baş redaktoru, yazıçı-publisist İradə Tuncay mükafatın sayca beşinci laureatı elan olunub.

Mərasimi açan MŞ sədri Əflatun Amaşov "Həqiqətə xidmətlərinə görə"nin təsisi məqsədlərindən söhbət açıb. Mükafatın ömrünü-gününü jurnalistikaya, ümumiyyətlə, söz sənətinə sərf edən şəxslərin əməyinin qiymətləndirlməsi üçün meydanda olduğunu deyən Şura sədri "Yol romanı"nı Tuncayın dərin dünyagörüşünün, hadisə və prosesləri duymaq, görmək və özünəməxsus şəkildə oxucuya çatdırmaq məharətinin məhsulu adlandırıb.

MŞ sədri əsəri jurnalistikamızda unudulmaqda olan "yol qeyd"ləri təqdimatının uğurlu nümunəsi sayıb. O, "Həqiqətə xidmətlərinə görə" mükafatını İradə Tuncaya təqdim edib.

Dialoq Avrasiya Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı mükafata layiq görülən müəllifin əsərini dəyərləndirərkən deyib ki, müxtəlif şəxslər müxtəlif yerlərdə olur, cürbəcür hadisələrlə rastlaşırlar, amma onların heç də hamısı müşahidələrini bədiiləşdirmək bacarığında olmurlar. Bu xüsusiyyət dərin zəka və istedad sahiblərinə məxsusdur ki, Tuncay ərsəyə gətirdiyi "Yol romanı"nda yaradıcı şəxs üçün zəruri olan bütün keyfiyyətləri, dəyərləri cəmləşdirə bilib.

Sonda çıxış edən Tuncay "Yol romanı"nın təkcə bir səfər qeydi olub mənəvi anlam daşımadığını, eyni zamanda, bütövlükdə özünün yaradıcılığı baxımından mühüm yer tutduğunu vurğulayıb. O, mərasim iştirakçılarının hər birinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti