...

Bu ilin I yarısında korrupsiya ilə əlaqədar 160 şəxs barəsində iş məhkəməyə göndərilib

Cəmiyyət Materials 18 İyul 2012 11:13 (UTC +04:00)
Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbələrindən daxil olmuş 104 əməliyyat tapşırığı icra olunub, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutularaq istintaqa təhvil verilib.
Bu ilin I yarısında korrupsiya ilə əlaqədar 160 şəxs barəsində iş məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbələrindən daxil olmuş 104 əməliyyat tapşırığı icra olunub, axtarışda olan 21 şəxsdən 14 nəfəri tutularaq istintaqa təhvil verilib. Trend-in məlumatına görə, bunu idarənin rəisi Kamran Əliyev bu gün cari ilin birinci yarısının yekunları üzrə keçirdiyi mətbuat konfransında deyib.

Əliyev bildirib ki, hazırda axtarışda olan 7 şəxsin Azərbaycanın hüdudlarından kənarda olması müəyyən edilib və onların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Onun sözlərinə görə, 2012-ci ilin I yarımili ərzində idarədə 141 cinayət işinin ibtidai istintaqı aparılıb, onlardan 160 şəxs barəsində 82 cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Məhkəməyə göndərilmiş cinayət işlərindən 98 şəxs barəsində 41 iş ağır cinayətlər məhkəməsinə, 62 şəxs barəsində 41 cinayət işi rayon (şəhər) məhkəmələrinə göndərilib. Həmin cinayət işləri əsasən rüşvət alma (passiv rüşvətxorluq), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq, talama, dələduzluq və digər faktlarla əlaqədar olub.

Məhkəmələrə göndərilmiş 82 cinayət işi üzrə ibtidai araşdırma mərhələsində hüquqi və fiziki şəxslərə dəymiş 7 milyon 484 min 241 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

İdarə rəisi deyib ki, daxil olmuş cinayət xarakterli məlumatların araşdırılması, eləcə də kütləvi informasiya vasitələrində verilmiş yazıların təhlili son vaxtlar çoxmənzilli yaşayış binalarının inşa edilməsi və belə binalarda mənzillərin vətəndaşlara satılması sahəsində kütləvi və ciddi qanun pozuntularına, dələduzluq hallarına yol verildiyini aşkara çıxarıb. Preventiv xarakterli tədbirlərin görülməsi istiqamətində işlərin davamı olaraq bu ilin aprelində "Çoxmənzilli yaşayış binalarının tikilməsi üçün mənzil-tikinti kooperativlərinin yaradılması və mənzillərin satılması sahəsində problemlər və onların aradan qaldırılması yolları barədə" təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib.

Əliyev qeyd edib ki, bu müddət ərzində bir sıra qurumlarda korrupsiya hüquqpozmaları barədə müraciətlərə baxılması zamanı aşkar edilmiş qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə təqdimatlar hazırlanıb. Korrupsiya hüquqpozmalarının araşdırılması ilə əlaqədar ümumilikdə 9 təqdimat verilib. Qanunvericiliyin pozulmasında təqsirli olan 2 vəzifəli şəxs barəsində "Prokurorluq haqqında" qanununun 24-cü maddəsinə əsasən inzibati icraat başlanılaraq baxılması üçün aidiyyəti təşkilatlara göndərilib.

Aşkar edilmiş qanun pozuntularının, onları doğuran səbəblər və şəraitin aradan qaldırılması, bu sahədə mövcud qanunvericilikdəki boşluqlar, çatışmazlıqlar, qanun pozuntularının aradan qaldırılması yolları barədə konkret təkliflər paketi hazırlanaraq Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti