...

Veteran jurnalistlərə mükafatlar təqdim olunub (FOTO)

Cəmiyyət Materials 20 İyul 2012 16:36 (UTC +04:00)
22 iyul - Milli Mətbuat günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib.
Veteran jurnalistlərə mükafatlar təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 20 iyul /Trend/

22 iyul - Milli Mətbuat günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə veteran jurnalistləri səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov görkəmli maarifçi Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib.

Qeyd olunub ki, respublikamızda KİV-in inkişafına geniş şərait yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkədə KİV üzərində senzuranın ləğvi üçün hələ 1998-ci il 16 avqustunda fərman imzalayıb, həmçinin KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edib.

Daim inkişaf edən ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsi məhz söz və fikir azadlığının təminatı, mətbuatın inkişafının dövlət tərəfindən davamlı olaraq dəstəklənməsidir. Bunun daha bir əməli ifadəsi kimi, dövlət başçısının 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Həmçinin ölkə rəhbərinin müvafiq sərəncamına əsasən, 2010-cu ildə Milli mətbuatın 135 illiyi qeyd olunub. Prezidentin daha bir sərəncamına əsasən, jurnalistlər üçün yaşayış binasının tikintisi üçün 5 milyon manat vəsait ayrılıb. Bütün bunlar ölkə jurnalistlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmişə öz fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə cəmiyyətin geniş məlumatlandırılması, eyni zamanda bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədilə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir. Bununla yanaşı, sosial mövzular üzrə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nazirlik tərəfindən bir neçə dəfə treninqlər təşkil olunub.

Görüşdə KİV nümayəndələri ürək sözlərini ifadə edərək, həqiqətən də ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, onların dövlət tərəfindən dəstəklənməsindən, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KİV-lə sıx əməkdaşlığından razılıqlarını ifadə ediblər.

Görüşün sonunda KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub.

Xəbər lenti

Xəbər lenti