...

Komitə sədri: Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsidir

Cəmiyyət Materials 30 İyul 2012 17:08 (UTC +04:00)
Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov şimal-qərb bölgəsinə səfəri çərçivəsində Nic kəndinin sakinləri ilə görüşündə deyib.
Komitə sədri: Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsidir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Udinlərə qarşı tarixi ədalətsizlik erməni irqçiliyinin bariz nümunəsidir. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov şimal-qərb bölgəsinə səfəri çərçivəsində Nic kəndinin sakinləri ilə görüşündə deyib.

Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, İskəndərov Nic kəndindəki tarixi Alban abidəsi - Müqəddəs Yelisey kilsəsi (Çotari) ilə tanış olub.

İcma fəalları Dövlət Komitəsinin sədrinə kilsənin tarixi haqqında məlumat veriblər. Qeyd edilib ki, 1723-cü ildə inşa olunmuş bu kilsə 1836-cı ildə "Rusiya Müqəddəs Sinodu"nun xüsusi qərarı ilə erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Həmin tarixdən udinlər etiraz əlaməti olaraq kilsəyə getməyiblər.

Görüş zamanı qeyd edilib ki, 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin Nic sakinləri ilə görüşdən sonra verdiyi tapşırığa əsasən, Alban tarixi dini abidələrinin bərpası başlanıb, tarixi, dini irslərin bərpasına şərait yaratmaq məqsədilə Nic və Oğuz rayonlarında Alban-Udin dini icmaları yaradılıb.

Kilsədə aparılan təmir işləri ilə tanış olan Dövlət Komitəsinin sədri udin icmasi tərəfindən tarixi alban kilsəsinin bərpası istiqamətində aparılan işləri yüksək qiymətləndirib, udinlərin erməniləşmə təhlükəsi ilə üzləşərək uzun illər boyu dini həyatdan məhrum olmalarını böyük ədalətsizlik kimi qiymətləndirib.

İskəndərov bildirib ki, ermənilərin tarixi alban kilsəsinin həm arxivlərini, həm dini liturgiyasını, həm dini məbədlərini oğurlayıb mənimsəmələri, yaxud da məhv etmələri erməni millətçiliyinin, dini irqçiliyinin bariz nümunəsidir.

"Onlar bütün dünyaya car çəkdikləri kimi yalnız müsəlman azərbaycanlılara qarşı deyil, digər xristian xalqlara, o cümlədən Qafqazın ən qədim xristianları olan udinlərə qarşı yönəlmiş dözümsüzlük və mədəni vandalizmdən belə çəkinməyiblər", - Komitə sədri deyib.

O qeyd edib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaşayan bütün milli azlıqlara öz tarixi, milli-mənəvi dəyərlərinin bərpasına, inkişaf etdirilməsinə tam şərait yaradılıb ki, görülən işlərin sayəsində də hazırda ölkəmiz bir tolerantlıq nümunəsi kimi göstərilir.

İskəndərov rəhbərlik etdiyi qurumun Alban-Udin icmasının fəaliyyətini dəstəkləyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti