Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Test imtahanının nəticəsinə əsasən 11929 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə -700 bal toplayıb.