...

Məleykə Abbaszadə: Sənəd verənlərin yarısı rezidenturaya qəbul oluna bilər

Cəmiyyət Materials 7 Sentyabr 2012 11:19 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya sənəd verənlərin yarısı bu təhsil səviyyəsi üzrə təhsil ala bilər.
Məleykə Abbaszadə: Sənəd verənlərin yarısı rezidenturaya qəbul oluna bilər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya sənəd verənlərin yarısı bu təhsil səviyyəsi üzrə təhsil ala bilər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

O, xatırladıb ki, sabah 2012-2013-cü tədris ili üçün rezidenturaya ilk qəbul imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə dolduraraq təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlanlardır.

Abbaszadə bu il sənəd verənlərin yarısının rezidenturaya qəbul olunmaq şansının olmasını plan yerlərinin sayının artması ilə əlaqələndirib.

O deyib ki, bu il rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 514-dür.

İmtahan yalnız Bakı şəhərində 2 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində bir binada keçiriləcək.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi isə sentyabrın 9-da keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

İmtahanın nəticələri imtahan bitdikdən sonra elan olunacaq.

Xəbər lenti

Xəbər lenti