Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda Səhiyyə Nazirliyinin dəstəyi və İsveçrənin Hemofiliya Fondunun maliyyə vəsaiti hesabına hemofiliyalı xəstələr üçün yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova bazar ertəsi Trend-ə deyib ki, İsveçrənin Hemofiliya Fondu layihənin reallaşdırılmasına ilkin razılığını verib. Yaxın günlərdə layihənin təsdiqlənəcəyi gözlənilir.
"Azərbaycanda regionlarda vətəndaşlara xidmətin təkmilləşdirilməsi" adlanan və 1 il 6 ay davam edəcək layihə çərçivəsində Gəncə və Şirvanda regional laborator diaqnostik mərkəzin yaradılması və kadrların təkmilləşdirilməsi nəzərdə tutulur.
Gəncədəki mərkəzdən ətrafdakı 13, Şirvandakı mərkəzdən 9 rayonun xəstələri istifadə edə biləcək. Bu mərkəzdən yalnız hemofiliyalı xəstələr deyil, qan xəstəliyi olan insanlar da faydalana biləcəklər.
Hazırda Gəncə və onun ətrafındakı 13 rayonda təqribən 130, Şirvan və onun ətrafındakı 9 rayonunda 114 hemofiliyalı xəstə var.