...

Finlandiya və Kataloniya ekspertləri pasiyentlərin hüquqları ilə bağlı normativ aktların təqdimatını keçiriblər

Cəmiyyət Materials 18 Sentyabr 2012 19:46 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Qonşuluq Siyasətinin "TAIEX" proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Finlandiya və Kataloniya ombudsman təsisatlarının ekspertləri Hakan Stoorun və xanım Silvia Vernia Trillonu qəbul edib.
Finlandiya və Kataloniya ekspertləri pasiyentlərin hüquqları ilə bağlı normativ aktların təqdimatını keçiriblər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Qonşuluq Siyasətinin "TAIEX" proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Finlandiya və Kataloniya ombudsman təsisatlarının ekspertləri Hakan Stoorun və xanım Silvia Vernia Trillonu qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, xarici ekspertlərin respublikamıza səfərinin məqsədi Avropa İttifaqı (Aİ) ölkələrinin təcrübəsinə əsasən pasiyentlərin hüquqları ilə bağlı qabaqcıl normativ aktların təqdimatını və ölkəmizdə pasiyenlərin hüquqları üzrə ekspertlər arasında fikir mübadiləsini həyata keçirməkdir.

Süleymanova Azərbaycanda sözügedən sahədə görülən işlər, o cümlədən insan hüquqları, həmçinin vətəndaşların sağlamlıq hüququ ilə bağlı fəaliyyəti barədə məlumat verib. Müvəkkil vərəmli, diabetli şəxslərin, ruhi xəstələrin müalicəsinin, müvafiq xəstəxanalarda saxlanma şəraitinin araşdırılması ilə əlaqədar ombudsman tərəfindən müvafiq sahələr üzrə baş mütəxəssislərlə birlikdə müntəzəm olaraq monitorinqlərin keçirildiyini, aparılan monitorinqlər zamanı pasiyentlərlə bağlı Avropa standartlarının müvafiq səhiyyə müəssisələrində tətbiq olunduğunun müəyyənləşdirildiyini bildirib.

Ombudsmanın mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Milli Məclisinə təkliflər göndərdiyi, həmin təkliflərin əksəriyyətinin nəzərə alındığı vurğulanıb.

H.Stoorun bu görüşün məqsədinin Aİ-yə üzv dövlətlərin pasiyentlərin hüquqları sahəsində təcrübəsi üzrə fikir və təcrübə mübadiləsi aparmaqdan ibarət olduğunu söyləyib, təmsil etdiyi qurumun bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. O, 5.5 milyon əhalisi olan ölkəsində gedən demoqrafik prosesləri önə çəkib, əhalinin tez yaşlaşması problemini diqqətə çatdırıb, Finlandiya ombudsmanının ofisində hazırlanmış "Pasiyentlərin hüquqları haqqında" qanun layihəsinin hazırlanması və tətbiq edilməsi üzrə ekspert missiyasını təqdim edib. Həmin qanun layihəsinin Avropa məkanında pasiyentlərin hüquqları ilə əlaqədar ilk sənədlərdən olduğu bildirilib.

Kataloniya Ombudsman ofisinin eksperti xanım S.V.Trillo pasiyentlərin hüquqları ilə bağlı İspaniya qanununun mütərəqqi cəhətləri, Pasiyent Ombudsmanının fəaliyyətinin istiqamətləri, sosial, yaxud tibb işçiləri arasından seçilən bu ombudsmanın hər bir pasiyentin müayinə və müalicəsinin, informasiyaya çıxışının və həkim tərəfindən səhv müalicə olunduğu təqdirdə xəstəyə dəyən zərərin ödənilməsi ilə bağlı kompensasiyanın ödənilməsinin təmini kimi əsas funksiyaları barədə məlumat verib.

Görüş canlı dialoq şəraitində keçib, müzakirə olunan məsələ ilə bağlı faydalı fikir və məlumat mübadiləsi aparılıb. Dialoq zamanı pasiyentlərə kompensasiyanın ictimai büdcədən, yaxud tibb xidmətləri üçün sığorta resurslarından ödənilməsi, kompensasiya verilərkən prosedur qaydaları, xəstənin öz müalicə həkimini seçməsi, sağlamlığı ilə bağlı məlumatların konfidensial saxlanması, xəstə uşaqların adlarının açıqlanmaması və digər məsələlərə tərəflər aydınlıq gətirib.

Görüşdə Milli Məclisin Avropa ilə inteqrasiya sektorunun əməkdaşları Orxan Musayev və Ceyhun Əliyev də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti