...

Gənclər və İdman Nazirliyində afrikalı gənclərlə görüş olub (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2012 13:05 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev Afrika İttifaqının gənclərdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Gənclər və İdman Nazirliyində afrikalı gənclərlə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Bu gün Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayev Afrika İttifaqının gənclərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məluumata görə, görüş zamanı qonaqları salamlayan nazir müavini onların ölkəmiz haqqında təəssüratlarını öyrənib. Gənclərə dövlət gənclər siyasəti barədə məlumat verən Babayev bildirib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən də Afrika dövlətlərinin müvafiq qurumları ilə əməkdaşlıq etməyə hazırdır. Qeyd edilib ki, Azərbaycanın gənclər siyasəti sahəsində Afrika qitəsindən hələlik yalnız Misirlə ikitərəfli əməkdaşlıq sazişi var.

Qonaqlar da öz növbəsində qəbul üçün nazir müavininə təşəkkür edərək bildiriblər ki, bu qısa müddətdə Azərbaycanla, onun paytaxtı Bakı şəhəri ilə, eləcə də Gəncə şəhəri ilə tanış olmaq imkanı qazanıblar. Buradakı inkişafa və gənclərə göstərilən qayğıya heyran qaldıqlarını bildirən qonaqlar ölkəmizə gələnədək Azərbaycanı inkişaf etməyən, aqrar ölkə kimi təsəvvür edirmişlər. Lakin burada tam fərqli bir mənzərə ilə qarşılaşdıqlarını bildiriblər. Qeyd ediblər ki, Azərbaycandakı inkişaf, qonaqpərvərlik və əhalidəki optimizm onlarda gözəl təəssürat yaradıb.

İntiqam Babayev qonaqlara bildirib ki, bundan sonra Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərdə afrikalı gənclərin iştirakı daha yaxşı olar.

Görüşün sonunda qonaqlara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərini əks etdirən təbliğat vasitələri, kitablar təqdim edilib.

Qeyd edək ki, sentyabrın 23-dən Azərbaycanda səfərdə olan afrikalı gənclər sabah vətənlərinə qayıdacaqlar.

Xəbər lenti

Xəbər lenti