...

Azərbaycanın Almaniyadakı fəxri konsulu Bakı Ali Neft Məktəbində olub

Cəmiyyət Materials 3 Oktyabr 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

BANM-dən Trend-ə verilən məlumata görə, qonaqlara Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışan Qasımov şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açmışdır. O, Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-nin layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd etmişdir.

Bakı Ali Neft Məktəbi haqqında qonaqlara məlumat verən Qasımov bildirmişdir ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur ki, bunun nəticəsi olaraq BANM məzunlarına ikili diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.

Uzun illərdən bəri Azərbaycanla bağlı layihələrin həyata keçirilməsi ilə məşğul olduğunu söyləyən Otto Hauser iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Almaniyanın iqtisadi inkişafının həm peşə, həm də akademik təhsillə bağlı olduğunu deyən Hauser Azərbaycanda da Dövlət Neft Şirkətinin bu sahəyə göstərdiyi diqqəti təqdirəlayiq hesab etmişdir. O, Almaniyanın Ştutqart universiteti ilə əməkdaşlıq etdiyini söyləyərək, Bakı Ali Neft Məktəbi ilə Ştutqart universiteti arasında mühəndislik, mexanika və digər sahələrdə əlaqələrin qurulmasının mümkünlüyü barədə danışmışdır.

Verilən təklifləri yüksək qiymətləndirən Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirmişdir.

Xəbər lenti

Xəbər lenti