...

Bu ilin sonuna kimi həkimlər xəstələrin müalicələri ilə bağlı bütün məlumatları təcili yardım maşınlarında olarkən öyrənə biləcəklər

Cəmiyyət Materials 12 Oktyabr 2012 13:48 (UTC +04:00)
Bu ilin sonuna kimi Azərbaycanda ilk dəfə olaraq, təcili tibbi yardım maşınlarında "Vətəndaşların Elektron Sağlamlıq Kartı"larının (VESK) oxunmasına başlamaq nəzərdə tutulur.
Bu ilin sonuna kimi həkimlər xəstələrin müalicələri ilə bağlı bütün məlumatları təcili yardım maşınlarında olarkən öyrənə biləcəklər

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin sonuna kimi Azərbaycanda ilk dəfə olaraq, təcili tibbi yardım maşınlarında "Vətəndaşların Elektron Sağlamlıq Kartı"larının (VESK) oxunmasına başlamaq nəzərdə tutulur. Bunu cümə günü Trend-ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə deyib.

Onun sözlərinə görə, kartların təcili tibbi yardım maşınlarındakı mobil qurğularda oxunması hesabına həkimlər xəstənin keçdiyi tibbi müayinələr, müalicələr barədə məlumatları elə həmin maşınlarda olarkən öyrənə biləcəklər.

Əsəd-zadə bildirib ki, oktyabrın sonuna kimi bu işlə bağlı proqram təminatının hazırlanması yekunlaşacaq.

"Oktyabrın sonunda proqramçılar bu işi bitirdikdən sonra onu testdən keçirəcəyik. Əgər proqram normal olsa, onun tətbiqinə başlayacağıq. Test zamanı bəzi təkmilləşdirmələr də aparıla bilər. Ümid edirik ki, ilin sonunda onun real istifadəsinə başlaya biləcəyik", - nazirlik rəsmisi əlavə edib.

Əsəd-zadə bu yeniliyin ilkin olaraq, Bakı üzrə təxminən 30-50-yə yaxın təcili tibbi yardım maşınında sınaqdan keçirəcəklərini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti