Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın güclü qamma mənbəli sterilizasiya qurğusunun çox hissəsi artıq hazırdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin dəstəyi ilə keçirilən "Azərbaycanda sterilizasiya məqsədilə güclü qamma mənbəli qurğunun işə salınması" layihəsi çərçivəsində qurğunun hazırlanması işini Macarıstanın İzotop İnstitutu həyata keçirir.
Qəribov deyib ki, artıq Bakıda sterilizasiya qurğusu üçün yer ayrılıb. Yaxın vaxtlarda qurğu ilə bağlı layihə-smeta sənədlərinin hazır olacağı gözlənilir.
"Bundan sonra isə qurğunun binasının tikilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi veriləcək, sonra isə bu işə başlanacaq", - İnstitut direktoru qeyd edib.
Qəribov əlavə edib ki, bina hazır olarsa, gələn ilin sonunadək qurğunun Azərbaycana gətirilməsi mümkün olar.
Qeyd edək ki, regionda ilk dəfə Azərbaycanda sterilizasiya qurğusundan istifadə ediləcək. Azərbaycanda bu qurğu istifadəyə verildikdən sonra ölkəyə xaricdən gətirilən taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının vaxtından əvvəl xarab olmasının qarşısı alınacaq. Ondan eyni zamanda, yeni materialların əldə edilməsi üçün də istifadə etmək olar.
Qurğunun qamma şüaları ilə müxtəlif obyektlər şüalandırılacaq. Müəyyən dozada şüa verilməklə məhsullarda olan mikroblar məhv ediləcək. Bu doza beynəlxalq standartlara uyğun olaraq, hər bir qida, ərzaq, kənd təsərrüfatı məhsulu üçün ayrıca müəyyənləşdirilib. Bu qurğudan neft-kimya sahəsində də istifadə oluna bilər.