Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanlı ekspert Rusiyada "Təhsil haqqında" qanun layihəsinə orta məktəblərdə müəllimin özünün dərs dediyi şagirdi ilə repetitorluqla məşqul olmasına qadağanın qoyulması barədə qaldırılan təklifin ölkəmizdə repetitorluğa qarşı mübarizə zamanı nəzərə alınmasının tərəfdarıdır. "XXI əsr" Təhsil Mərkəzinin sədri Etibar Babayevin fikrincə, hazırda əsas məsələ repetitorluq hallarının sayının azaldılması olmalıdır.
Babayev Trend-ə bildirib ki, Azərbaycanda olduğu kimi, Rusiyada da repetitorluq geniş yayılıb. Ancaq Rusiyada onunla mübarizə yolları axtarılıb. Bu yollardan biri isə odur ki, şagird məktəbdə keçdiyi proqramı mənimsəmədikdə, dərsdən sonra əlavə ödənişli dərslər keçirilir. Bunun üçün də müəllimə əlavə haqq ödənilir. Bu mübarizə yolu müəllimlərin evdə repetitorluqla məşğul olmasının qarşısını alır.
Belə bir təcrübənin Azərbaycanda da tətbiqini mümkün sayan ekspertin qənaətincə, repetitorluqla məşğul olan müəllimlər məktəbdə şagirdlərə dərsi bilərəkdən zəif keçirlər, çünki bu halda şagirdlər mövzunu mənimsəmək üçün repetitor yanına getməyə məcbur olurlar. Bütün bunları nəzərə alan Babayev təklif edir ki, Azərbaycanda da bu istiqamətdə müəyyən islahatlar həyata keçirilməlidir.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Millli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlı isə bu fikirdədir ki, müəllimin dərsdən sonra öz işlədiyi məktəbin deyil, digər məktəblərin şagirdləri ilə repetitorluqla məşğul olmasına icazə verilməsi Azərbaycanda repetitorluq məktəbini daha da genişləndirər. Bu baxımdan Rusiyada qaldırılan təklifi bəyənməyən millət vəkili, ümumiyyətlə, repetitorluğun əleyhinədir.
Naxçıvanlı bu fikirdədir ki, dövlət müəllimə maaş verir. Buna görə də müəllim dərs dediyi sinifdə bütün potensialını şagirdlərinə sərf etməlidir. Bunun olmaması artıq müəllimin məsuliyyətinin aşağı olmasından xəbər verir.
Millət vəkilinin qənaətincə, əgər müəllim məktəbdə dərslərini keyfiyyətli keçirsə, onun artıq evdə repetitorluqla məşğul olmağa gücü qalmamalıdır.
Onun sözlərinə görə, əvvəlllər repetitor olmasa da, şagirdlər məktəblərdə keçdikləri dərslərin hesabına savad əldə edə biliblər.
"Biz hamımız oxumuşuq, amma heç birimiz üçün repetitor olmayıb. Hər kəs də savad yiyəsi olub. Müəllim dərsini keyfiyyətli desə, bu, şagirdə kifayət edir. Belə çıxır ki, müəllim öz potansialını dərsdə istifadə etmir, evdə bri qrup şagird yığaraq onlarla məşğul olur. Bu, nə dərəcədə düzgündür? Bunlar hamısı əlavə pul qazanmaq üçündür", - Naxçıvanlı qeyd edib.
Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov isə belə hesab edir ki, müəllimə öz şagirdinə deyil, başqa məktəbin şagirdinə repetitorluq etmək üçün icazə vermək repetitorluq fəaliyyətinə haqq qazandırmaq deməkdir.
"Əgər biz müəllimə desək ki, repetitorluğu öz dərs dediyin şagird üçün etmə, onda belə çıxır ki, müəllim başqa uşaq üçün repetitorluq edə bilər. Bu halda isə biz repetitorluğa haqq qazandırmış oluruq. Ancaq biz ümumiyyətlə, repetitorluğun əleyhinəyik", - Əhmədov deyib.
Onun fikrincə, ümumiyyətlə, repetitorluğa qarşı çıxmaq lazımdır, çünki repetitorluq müəllim üçün xeyirli fəaliyyət növü olsa da, məktəbin ümumi fəaliyyəti üçün ziyanlıdır.
Əhmədovun sözlərinə görə, Azərbaycanda repetitorluq var. Ancaq 9-cu sinifdən sonra - tam orta təhsil səviyyəsi üzrə təhsilin təmayülləşməsi baş verdikdən sonra repetitorluğun səviyyəsi çox aşağı düşəcək.
Hazırkı zamanda repetitorluqla mübarizəyə gəldikdə, Əhmədov bildirib ki, repetitorluğa nəzarət etmək mümkün deyil. Onun sözlərinə görə, Azərbaycanda 4500 məktəb var, 160 min müəllim fəaliyyət göstərir. Bu müəllimlərin hər birinə nəzarət etmək isə qeyri-mümkündür.
"Məktəbdə direkor, onun müvaini məktəb daxilində müəllimin fəaliyyətinə nəzarət edir. Amma dərsdən sonra müəllimin evdə repetitorluqla məşğul olmasına nəzarət etmək çətindir. Belə halda müəllim uzaqbaşı deyəcək ki, şagird məndən sual soruşdu, mən də onu başa saldım. Bunu sübut etmək olmaz", - nazirlik rəsmisi əlavə edib.