Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində layiqli əmək üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. Konfransın məqsədi sosial dialoqun inkişaf etdirilməsi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Layiqli əmək proqramı"nın həyata keçirilməsi sahəsində təşkilata üzv dövlətlər arasında fikir və təcrübə mübadiləsinin aparılması olub. 70-ə yaxın ölkədən nümayəndələrin, həmçinin beynəlxalq təşkilatların ekspertlərinin iştirak etdiyi tədbirdə Azərbaycanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Məmmədov konfransda çıxış edərək ölkəmizdə layiqli əməyin təmin edilməsi istiqamətində görülən işlərdən söz açıb. Qeyd olunub ki, müstəqilliyinin ilk vaxtlarından ölkəmizin üzvü olduğu BMT və BƏT ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq, ötən müddətdə Azərbaycan bu təşkilatların çoxsaylı konvensiyalarına qoşularaq, bu konvensiyalardan irəli gələn müddəalar əsasında milli qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirib. Xüsusən də ölkəmizin layiqli əməyin təminatı ilə bağlı əməkdaşlıqda BƏT üçün strateji önəm kəsb edən bir ölkəyə çevrildiyi, eyni zamanda, Azərbaycanın dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına daxil edildiyi vurğulanıb.
Tədbirdə layiqli əmək üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlər birmənalı olaraq konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib, bu təcrübənin digər dövlətlər tərəfindən istifadəsinin vacibliyi qeyd edilib.
Səfər çərçivəsində nazir müavini Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder və Rusiyanın əmək və sosial inkişaf naziri Maksim Topilin ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə respublikamızın sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin yaradılması, əhalinin səmərəlı məşğulluğunun təminatı, yoxsulluğun azaldılması sahələrində əldə olunan mühüm tarixi nailiyyətlər barədə ətraflı məlumat verən Məmmədov BƏT-in baş direktoru Qay Rayderi və Rusiyanın əmək və sosial inkişaf naziri Maksim Topilini Azərbaycana səfərə dəvət edib.
Azərbaycan nümayəndə heyəti, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professorları, Türkiyə və Ukrayna nümayəndə heyətləri ilə görüşlər keçirib.
İki plenar iclas və yeddi panel müzakirələrdən ibarət olan konfrans beynəlxalq əmək bazarında qarşıya çıxan və dünya iqtisadiyyatının inkişafına zidd olan problemlərin müzakirəsi, "Layiqli əmək konsepsiyası"nın icrası və beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli rol oynayıb.
Qeyd edək ki, BƏT tərəfindən hazırlanan və irəli sürülən "Layiqli əmək konsepsiyası" BƏT-in üzv dövlətlərinin sosial-iqtisadi inkişaf strategiyasında öz əksini tapıb və beynəlxalq təşkilat və forumların gündəliklərinin ayrılmaz hissəsinə çevrilib.