Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində cari ilin 14 dekabr tarixində Ankarada Ümummilli Liderimizin adını daşıyan orta məktəb və Heydər Əliyev Parkının müasir səviyyədə təmirinin ilkin mərhələsinin bitirilməsinin ardından açılış mərasimləri olmuşdur. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Ankarada səfərdə olan AR Baş Nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin yaxın dostu, Azərbaycanı ürəkdən sevən tanınmış elm adamı və ictimai-siyasi xadim mərhum İhsan Doğramacının məzarını ziyarət etmiş, Onun əziz xatirəsini yad edərək, məzarına əklil və çiçəklər qoymuşlar. Ardından Azərbaycanın xalq yazıçısı və AR Baş Nazirinin müavini Elçin Əfəndiyev İhsan Doğramacının məzarında olan xatirə dəftərinə öz ürək sözlərini yazmışdır.
Daha sonra Türkiyə Respublikası Prezidenti Abdullah Gül Azərbaycandan gələn nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı Prezident, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin banisi olduğundan, BTC və günümüzdəki starteji əhəmiyyətə malik digər enerji və nəqliyyat layihələrinin təməlini qoyduğundan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı olaraq Türkiyənin daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyindən, cari ilin 13 dekabr tarixində Bilkent Universiteti ilə Səfirliyimizin birgə təşkil etdiyi "Heydər Əliyev dünyasında mədəniyyət və incəsənət" adlı geniştərkibli və böyükmiqyaslı elmi-mədəni konfransın çox uğurlu olduğundan və ikitərəfli münasibətlərimizə müsbət töhfələr verdiyindən, Ulu Öndərimizin mərhum İhsan Doğramacı ilə olan yaxın dostluq münasibətlərindən söz açmış, ölkələrimiz üçün misilsiz xidmətlərinə görə ümummilli lider Heydər Əliyevi dərin hörmətlə yad etdiyini bildirmşdir.
Daha sonra nümayəndə heyəti Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Parkının və Heydər Əliyev Məktəbinin ilkin təmirinin tamamlanması münasibətilə təşkil olunmuş açılış mərasimlərində iştirak etmək məqsədilə Ankaranın Yenimahalle rayonuna hərəkət etmişlər. Açılış mərasimlərində, AR Baş Nazirinin müavini Elçin Əfəndiyev, TR Təhsil Naziri Ömər Dinçər, AR Təhsil Naziri Misir Mərdanov, ARDNŞ Prezidenti Rövnəq Abdullayev, AMEA-nın həqiqi üzvü Professor Vasim Məmmədəliyev, AR Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Rektoru Urxan Ələkbərov, Səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, Türkiyənin ölkəmizdəki sabiq Səfirləri, tanınmış ictimai siyasi xadimlər, elm və incəsənət adamları, Türkiyənin millət vəkilləri, Heydər Əliyev Məktəbinin tələbə və müəllim kollektivi, ictimaiyyət, diaspor və çox sayda KİV nümayəndələri, eləcə də Ankarada təhsil alan kursant, tələbə və müdavimlərimiz iştirak etmişlər.
Açılış tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnləri səsləndirilmiş, AR Baş Nazirinin müavini Elçin Əfəndiyev, TR Təhsil Naziri Ömər Dinçər və AR Təhsil Naziri Misir Mərdanov, eləcə də tədbirdə iştirak edən digər önəmli şəxslər tərəfindən həyata keçirilən çıxışlar zamanı Ümummilli Liderimizin dahi və əvəzedilməz siyasi şəxsiyyətindən, Azərbaycan-Türkiyə münasibətlərində olan öncü və misilsiz xidmətlərindən, Ulu Öndərin siyasi irsinin gələcək həyatımızdakı fəaliyyətlərimizə də yön verə biləcək mahiyyətdə olduğundan və ikitərəfli münasibətlərimizin inkişafı üçün əhəmiyyətli zəmin yaratdığından geniş və əsaslı bir şəkildə bəhs etmişlər.
Tədbirlərdə Heydər Əliyev Məktəbinin tələbələri və Ankarada təhsil alan azərbaycanlı tələbələr tərəfindən ümummilli lider Heydər Əliyevə və Azərbaycan-Türkiyə qardaşlığına dair şerlər səsləndirilmişdir.