Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Bakıdakı orta məktəblərdə yanvarın 18 və 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək. Bunu cümə günü Trend-ə Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
Onun sözlərinə görə, yanvarın 20-si bazar gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən orta məktəblərdə yanvarın 18-də, 6 günlük iş rejimi işləyən orta məktəblərdə isə yanvarın 19-da ilk dərs saatı 20 Yanvar faciəsinə həsr ediləcək.
Əliqızı deyib ki, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar BŞTİ-nin rəisi Nailə Rzaquliyevanın imzaladığı əmrlə təhsil müəssisələrinin rəhbərlərinə digər tapşırıqlar da verilib.
Həmin əmrə əsasən, yanvarın 14-dən etibarən Bakının bütün orta ümumtəhsil müəssisələrində 20 Yanvara həsr olunan bədii qiraət saatlarının təşkili, ədəbi-bədii kompozisiyaların keçirilməsi, guşələrin, rəsm sərgilərinin təşkili nəzərdə tutulur.
Eyni zamanda, şagirdlərin 20 yanvar ərəfəsində Şəhidlər xiyabanına ziyarətlərinin təşkili üçün tapşırıqlar verilib.