...

Azərbaycanda 78 minə yaxın şagird haqqında məlumat “Şagird-məzun bazası”na daxil edilib

Cəmiyyət Materials 18 Yanvar 2013 12:41 (UTC +04:00)
Azərbaycanda artıq 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən “Şagird-məzun elektron məlumat bazası”na daxil edilib.
Azərbaycanda 78 minə yaxın şagird haqqında məlumat “Şagird-məzun bazası”na daxil edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanda artıq 77237 şagird haqqında məlumat məktəb əlaqələndiriciləri tərəfindən "Şagird-məzun elektron məlumat bazası"na daxil edilib. Bu barədə Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) buildirilib.

Məlumata görə, bu prosesin yanvar ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üzrə buraxılış imtahanlarına hazırlıq işləri çərçivəsində Komissiya tərəfindən "Şagird - məzun elektron məlumat bazası" yaradılaraq istifadəyə verilib.

Bu sistemə respublikanın ümumi (IX sinif) və tam orta (XI) təhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 200 mindən artıq şagird haqqında məlumatların daxil edilməsi nəzərdə tutulur.

Sistemdən rayon (şəhər) təhsil şöbələri, təhsil müəssisələrinin məsul işçiləri və buraxılış siniflərinin şagirdləri istifadə edə biləcəklər.

Buraxılış sinfi şagirdlərinin bu səhifədən istifadəsi yalnız öz məlumatlarına baxmaqla məhdudlaşır. Şagirdlər sistemə şagird kodlarını müvafiq sahəyə yazmaqla daxil olacaqlar. Bu zaman ona aid məlumatda yanlışlıq aşkar edən şagird oxuduğu təhsil müəssisəsinin məsul şəxsinə həmin səhv barədə məlumat verməlidir.

"Şagird-məzun elektron məlumat bazası"na təhsil şöbələrinin nümayəndələri öz tabeliyində olan bütün məktəblərin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, məktəb əlaqələndiriciləri öz məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlər haqqında, şagirdlər isə özləri haqqında məlumatlarla tanış ola biləcəklər.

Təhsil müəssisəsinin məsul şəxsinin vəzifəsi buraxılış sinfində təhsil alan şagirdlərin (növbəti mərhələlərdə həm də təkrar və eksternat qaydada imtahan vermək istəyən şagirdlərin) qeydiyyatını aparmaq, bütün məlumatlar daxil edildikdən sonra məlumatları TƏSDİQ etməkdən ibarətdir. Məlumatı sistemdə olmayan və ya təsdiq edilməyən şagirdlər yekun qiymətləndirmədə iştirak etməyəcəklər və bunun nəticəsi olaraq təhsil sənədi almayacaqlar.

Rayon (şəhər) təhsil şöbələri sistemə TQDK tərəfindən onlara təqdim olunmuş istifadəçi adı və parolu yazmaqla daxil olurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti