...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Cəmiyyət Materials 18 Yanvar 2013 17:53 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Komitə əməkdaşlarının, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində komitə əməkdaşlarının, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə xalqımızın tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

DQİDK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

"Bu bizim müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan öz azadlığını qanı bahasına qazanıb", - İskəndərov deyib.

İskəndərov günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiymət verən Ulu öndər Heydər Əliyev hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə qarşı çıxaraq Azərbaycanın haqq səsini müdafiə etməsinə toxunaraq bildirmişdir ki, informasiya blokadasının olduğu bir zamanda bunu misilsiz bir addım adlandırmışdır.

"Həmin vaxt xalq sanki yetim qalmışdı. Hamı, hətta SSRİ-də baş verənləri tez bir şəkildə işıqlandıran xarici KİV-lər də susurdu. Məhz belə bir vaxtda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz mənəvi ağsaqqallıq missiyasını yerinə yetirərək Moskvada Azərbaycanın haqq səsini ucaltdı. Bu digər tərəfdən informasiya blokadasının yarılması idi. Çünki Ümummilli Liderin nüfuzu sayəsində müxtəlif SSRİ və müxtəlif ölkələrin KİV nümayəndələri bu bəyanatı işıqlandırdılar", - Komitə sədri deyib.

Komitə sədri zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycan bütün sınaqlardan uğurla çıxmağını və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünün deyən ölkələr siyahısına daxil olduğunu vurğulayıb.

Çıxış edən QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq bu günə qədər cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini ifadə etmiş, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti