Azərbaycan, Bakı, 31 yanvar /Trend/
2 fevral - Gənclər Günü münasibətilə Odlar Yurdu Universitetinin konfrans zalında "Gənclər Gələcəyin qurucularıdırmı?" adlı tədbir keçirildi.
Tədbiri Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əliyeva Sitarə açıq elan etdi. Sonra isə Odlar Yurdu Universitetinin prorektoru professor Samir Vəliyev çıxış etdi. Professor öz çıxışında ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətinin prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdiyini vurğuladı.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ölkədə aparılan gənclər siyasətinin nəticələrindən bəhs edərək artıq vəzifələrə təyin zamanı gənclərə üstünlük verildiyini tələbələrin diqqətinə çatdırdı.
Aktyor Elməddin Cəfərov kifayət qədər ciddi çıxışı ilə tələbələrin diqqətini cəlb etdi. Aktyor səmimi çıxışı ilə tələbələrə vaxtını boş keçirməmələrini tövsiyə etdi və zamanlarını siyasətdən daha çox elmə sərf etmələrini məsləhət gördü. Gülüş ustası ənənəvi olaraq anekdot danışdı, lakin bununla xarici dilin önəmini vurğuladı: "Bir gün pişik yenə də sıçan qovalayırdı. Siçan öz evində gizləndi və pişik fikrə getdi. "Siçanı evindən necə çıxarda bilərəm" düşünən pişik birdən qərara aldı ki, it kimi hürsün, bəlkə o zaman itin gəldiyini düşünən siçan evindən çıxar. Pişik it kimi hürməyə başladı və siçan aldanaraq çıxdı. Bu an pişik siçanı tutub yedi. Ağzını artıq silməyə başlayan pişik düşündü: "Xarici dil bilmək doğurdan da vacibdir!"
Tədbirin sonunda "Gənclər Gələcəyin qurucularıdırmı?" adlı mövzuda müzakirədən sonra qonaqlara Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev tərəfindən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucova Fəxri Fərman və gənc aktyor Elməddin Cəfərova isə hədiyyə təqdim olundu.
Tədbir "Mən Azərbaycanlıyam" mahnısı ilə sona çatdı.