...

Azərbaycanda hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir

Cəmiyyət Materials 5 Fevral 2013 11:35 (UTC +04:00)
Azərbaycan həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir.
Azərbaycanda hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir.

Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında məruzə ilə çıxış edən AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev bildirib.

Onun sözlərinə görə, ötən müddət ərzində AHİK-in və onun üzv təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də layiqli əməkhaqqı uğrunda mübarizə olub. Məqsəd ədalətli bölgüyə əsaslanmış və işçinin iqtisadi müstəqilliyini, ailənin ehtiyaclarını təmin edən, gələcəyə investisiya qoymaq imkanı verən əməkhaqqına nail olmaqdır.

AHİK sədri qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları öz üzvlərinin həyat şəraitinin keyfiyyətcə yüksəlməsinə çalışmalıdır.

Mehbalıyev qeyd edib ki, əmək haqqının yüksəldilməsi uğrunda mübarizədə əsas rolu dövlət tərəfindən əməkhaqqının ödənilməsinin təminatı olan minimum əməkhaqqı oynayır. Respublika həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir.

"Son 5 ildə ölkədə minimum əməkhaqqı 60 manatdan 93,5 manata çatdırılıb. Amma bu göstərici də yaşayış minimumundan aşağıdır. Yaşayış minimumunu isə biz təsdiq edilmiş metodikaya uyğun olaraq, eləcə də dövlət statistikasının məlumatından istifadə edərək ildə dörd dəfə hesablayır və zəruri hallarda dövlət orqanlarına çatdırırıq. 2012-ci ilin oktyabrın 1-nə hesablamalara görə, bu göstərici işləyənlər üçün 182 manat, pensiyaçılar üçün 96,6 manat, uşaqlar üçün 115,2 manat təşkil etməlidir", Mehbalıyev bildirib.

Mehbalıyevin sözlərinə görə, AHİK-in illik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan pozuntuların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir.

AHİK sədri hesab edir ki, bu isə müvafiq dövlət orqanları və müfəttişliklərin vəziyyətə tam nəzarət edə bilmədiklərinə sübutdur. İşəgötürənlər də onların öz funksiyalarını yerinə yetirmələrinə tez-tez maneçilik törədirlər. Bütün bunlar həmkarlar ittifaqlarını inzibati xətalar və cina­yət qanunvericiliyini daha da sərtləşdirməyi tələb etməyə vadar edir.

Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası məhkəmələrində həmkarlar ittifaqı hüquqşünaslarının iştirakı ilə 113 əmək mübahisəsinə baxılmışdır. Bunların 50 faizini işçilər udmuşlar. Bəzi hallarda isə müəssisənin bağlanmasının qarşısı alınmış, iş yerlərini qoruyub saxlamaq, işçilərin pozulmuş əmək hüquqlarını bərpa etmək mümkün olmuşdur. 9974 adama təmənnasız hüquqi yardım göstərilmişdir.

Hesabat dövründə respublika həmkarlar ittifaqlarına 864.818 ərizə və şikayət daxil olmuş və onların 98,2%-i müsbət həllini tapmışdır. İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 17.028 müraciət olmuşdur. Həmkarlar ittifaqları işçilərin qanunsuz işdən çıxarılması məsələsini nəzarətdə saxlayaraq onlara verilmiş hüquqların köməyi ilə tədbirlər görmüşlər.

Son 5 ildə işə bərpa olunmaq ilə əlaqədar 2719 müraciətdən 847-si həllini tapmışdır. 2008-ci illə müqayisədə belə müraciətlərin sayı 2,5 dəfə, işə bərpa olunanların sayı isə 1,1 faiz artmışdır. 3568 nəfərin müraciətinə AHİK-in rəhbər işçiləri tərəfindən baxılmış, onlardan 700 nəfər isə AHİK sədrinin qəbulunda olmuşdur. Ərizə və şikayətlərin həllinə düzgün yanaşma nəticəsində AHİK-ə çoxsaylı minnətdarlıq məktubları göndərilmişdir.

AHİK-in öz poçtuna ötən 5 il ərzində 4277 məktub, ərizə və şikayət daxil olmuş, bu müraciətlərin hamısına baxılaraq vətəndaşlara köməklik göstərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti