...

Baş Prokurorluq xəbərdarlıq etdi

Cəmiyyət Materials 5 Fevral 2013 15:50 (UTC +04:00)
"Azadlıq" qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək rəsmi xəbərdarlıq edilib.
Baş Prokurorluq xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

"Azadlıq" qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək rəsmi xəbərdarlıq edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azadlıq" qəzetinin 5 fevral 2013-cü il tarixli sayında "Şamaxı da etiraz mitinqinə hazırlaşır" başlıqlı məqalədə cari il fevralın 20-də Şamaxı rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi və bu barədə rəsmi müraciətin İcra Hakimiyyətinə təqdim olunduğu barədə məlumat verilib.

Baş Prokurorluqda aparılmış araşdırma ilə müəyyən edilib ki, qəzetin redaksiyası tərəfindən obyektiv reallığa əsaslanmayan və "Natiq" adlı müəllifin qərəzli mövqeyini əks etdirən bu yazı ictimai rəyi çaşdırmağa, yalan məlumatları yaymaq yolu ilə bölgələrdə gərginlik şəraitini yaratmağa, son nəticədə isə ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş qanunsuz hərəkətlərdir. Araşdırmalarla həmçinin müəyyən edilib ki, qeyd edilən tarixdə Şamaxı şəhərində mitinq keçiriləcəyi barədə rayon İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb, etiraz mitinqinin keçirilməsinə hazırlıq getməsi barədə məlumat öz təsdiqini tapmayıb.

Qeyd edilənlərlə əlaqədar "Azadlıq" qəzetinin baş redaktorunun vəzifəsini icra edən baş redaktorun birinci müavini Rahim Hacıyev Baş Prokurorluğa dəvət edilərək, "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu qəzetdə Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin pozulması, ictimai rəyi çaşdırmaq məqsədilə heç bir əsası olmayan yalan məlumatların gələcəkdə dərc olunacağı təqdirdə, barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi məsuliyyət tədbirləri görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Habelə, "Kütləvi informasiya vasitələri haqqında" qanunun tələblərinə görə, yalan və qərəzli yazıları yaymaq, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasının yolverilməzliyi diqqətə çatdırılmaqla, qanuna müvafiq olaraq həqiqətəuyğun olmayan informasiya barədə qəzetin növbəti sayında təkzib verilməsi tələb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti