...

Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb

Cəmiyyət Materials 15 Fevral 2013 11:49 (UTC +04:00)
Azərbaycanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və qəbul imtahanı proqramları açıqlanıb.
Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və qəbul imtahanı proqramları açıqlanıb. Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanın ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları və qəbul imtahanı proqramları "Abituriyent" jurnalının 1-ci sayında dərc olunub.

Onun sözlərinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Bu il də bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. Belə ki, I ixtisas qrupunda - riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək.

Bu ilin qəbul qaydaları Ədliyyə Nazirliyində təsdiq edilib və ötən ilki kimidir. Qaydalarda hüquqi cəhətdən heç bir dəyişiklik edilməyib.

"Mən valideynlərə və abituriyentlərə məsləhət görürəm ki, qəbul proqramlarını alıb oxusunlar. Valideynlər uşaqlarını hazırlaşdıran müəllimlərə inanırlar, qəbul proqramları ilə tanış olmurlar. Ancaq bu proqramlarla tanış olmaq lazımdır. Bununla onlar öyrənə bilərlər ki, nəyi yaxşı bilirlər, nəyi təkrar etmək lazımdır. Yarım il ərzində bunu etmək mümkündür",-TQDK sədri deyib.

O deyib ki, "Abituriyent" jurnalının I sayında test nümunələri də verilib. Həmin nümunələr builki qəbul proqramlarına uyğundur.

Abbaszadə deyib ki, builki imtahanların çətinlik dərəcəsi artıq bilinir. İndidən ekspertlər bu testləri müzakirə edə bilərlər. Bunun üçün onların kifayət qədər vaxtları var.

"Yalnız imtahan bitdikdən və nəticələr elan edildikdən sonra müəyyən fikirlər səslənir ki, suallar çətin idi, proqramdan kənar idi. Bax, bu suallar yarım il əvvəl elan edilib. Eksperlərin təklifləri əsasında model testlərə dəyişiklik də edlə bilər" - Abbaszadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti