...

Romada “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı – Qafqazda Srebrenitsa” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Mart 2013 02:04 (UTC +04:00)
İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin təşkilatçılığı ilə Romanın “Tempio di Adriano” sarayında baza ertəsi “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı – Qafqazda Srebrenitsa” adlı beynəlxalq konfrans keçirilib.
Romada “Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı – Qafqazda Srebrenitsa” adlı beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin təşkilatçılığı ilə Romanın "Tempio di Adriano" sarayında baza ertəsi "Münaqişələr zamanı insan hüquqlarının pozulması: Xocalı qətliamı - Qafqazda Srebrenitsa" adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, konfransı İtaliyanın Sapienza Universitetinin beynəlxalq inkişaf və əməkdaşlıq üzrə prorektoru professor Antonello Biacini açıb. Öz çıxışında o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq Xocalı və Srebrenitsanın oxşar və fərqli cəhətlərini qeyd edib.

Daha sonra Sapienza Universitetinin beynəlxalq hüquq üzrə professoru Sercio Markizio münaqişələr zamanı insan hüquqlarının pozulmasına görə məsuliyyətin təyin edilməsi üçün Xocalı qətliamı haqqında beynəlxalq ictimaiyyətə məlumatın çatdırılmasının vacibliyini vurğulayıb. Markizio bildirib ki, Xocalı qətliamının Srebrenitsa ilə müqayisədə əsas fərqi hüquq nöqteyi nəzərdən beynəlxalq ictimaiyyət tərəfindən indiyə qədər heç bir addımın atılmamasıdır.

Daha sonra Almaniyanın "Freedom Rights Project" təşkilatının aparıcı mütəxəssisi professor Aaron Rods qaçqın və məcburi köçkünlər haqqında danışaraq bir neçə dəfə Azərbaycanda olarkən qaçqın düşərgələrinə səfərlərini və orada yaşayanların ağır vəziyyətlərini xatırladı. Rods Xocalı qətliamı ilə bağlı ədalətin bərpa olunmasının vacibliyini və beynəlxalq ictimaiyyətin bu məsələyə diqqət yetirəcəyinə inandığını bildirdi.

Daha sonra insan hüquqları və beynəlxalq humanitar hüquq üzrə Azərbaycan mütəxəssisi Azad Cəfərli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq münaqişələr zamanı insan hüquqlarının pozulmasında təqsirli olanların məhkəmə mühakiməsi yolu ilə cəzalandırılmasının vacibliyi haqqında danışdı. O, Xocalı qətliamına ədalətin bərpa olunması üçün fərdi məsuliyyətin təyin edilməsi məsələsini qeyd edib.

Sonda İnsan hüquqları üzrə İtaliya Helsinki Komitəsinin baş katibi Antonio Stanqo müzakirələri yekunlaşdıraraq Xocalı qətliamına ədalətin bərpa olunmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində mühüm rol oynayacağını qeyd edib.

Tədbirin sonunda auditoriyanın çoxsaylı sualları cavablandırılmış və mövzu ilə əlaqədar müzakirələr aparılıb.

Konfransda İtaliyanın nüfuzlu ali təhsil ocaqlarının, dövlət və ictimai təşkilatlarının, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti