...

Azərbaycan Diplomatik Akademiyasında Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2013 17:49 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Bakının müxtəlif ali təhsil ocaqlarının tələbələri və TQDK-nın sınaq imtahanlarında ən yüksək nəticə əldə edən məktəblilərin iştirakı ilə Novruz şənliyi keçirib.
Azərbaycan Diplomatik Akademiyasında Novruz şənliyi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Bakının müxtəlif ali təhsil ocaqlarının tələbələri və TQDK-nın sınaq imtahanlarında ən yüksək nəticə əldə edən məktəblilərin iştirakı ilə Novruz şənliyi keçirib.

Akademiyanın tədris mərkəzində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə birgə qurulan sərgilərdə milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib. ADA tələbələri bəzədikləri Novruz xonçaları ilə "Ən yaxşı bayram xonçası" müsabiqəsində yarışıblar.

Novruz şənliyində iştirak edən məktəblilərdən 50 nəfəri bölgələrdən olub. Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki, Sumqayıt, Tovuz və Naxçıvandan gələn gənc qonaqlar Bakıda iki gün keçirərək paytaxtımızın görməli yerləri ilə də tanış olublar.

Akademiyanın Bayraq Meydanında qurulan "Coca-Cola" səhnəsində tanınmış səhnə ustaları şənlik iştirakçıları qarşısında əyləncəli bayram proqramı ilə çıxış ediblər. ADA tələbələri də bu proqramda yer alıb, Bahar bayramının adət-ənənələri barədə danışıb, öz mahnı və rəqsləri ilə çıxış ediblər.

"ADA tələbələrinə milli-mənəvi dəyərlərimizi aşılamaq bizim tədris məqsədlərimizdən biridir. Bugünkü Novruz şənliyində isə biz bu dəyərləri Azərbaycanın çoxsaylı ali təhsil ocaqlarının tələbələri və məktəblilərlə də bölüşə bilirik. Həmçinin, füsrətdən istifadə edib onları Diplomatik Akademiya ilə tanış edirik. Ümid edirəm ki, bugünkü iştirakçılar arasında ADA-nın gələcək tələbələri də var", - Azərbaycan Diplomatik Akademiyasının rektor müavini Fariz İsmayılzadə bildirib.

"Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya bölgəsi üzrə ictimai məsələlər və kommunikasiya meneceri Oleq Piletski isə bu şənlikdə bölgənin aparıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Diplomatik Akademiyası ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib: "Təhsillə bağlı layihələrin dəstəklənməsi "Coca-Cola" üçün mühüm sosial prioritetlərdən biridir. Biz cəmiyyətin məsuliyyətli üzvü və yaşadığımız icmada yaxşı qonşu olmağa çalışırıq. Mükəmməl sosial məqsədlərin olması mükəmməl biznes məqsədlərinin olması qədər vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti