...

Azərbaycanda ödənişli təhsilin ləğvi təklif olunur

Cəmiyyət Materials 20 Mart 2013 11:17 (UTC +04:00)
Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin tam və ya qismən ləğv edilməsi təklif olunur.
Azərbaycanda ödənişli təhsilin ləğvi təklif olunur

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli təhsilin tam və ya qismən ləğv edilməsi təklif olunur.

Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı Trend-ə bildirib ki, Azərbaycanın bu günə olan iqtisadi qüdrətini, imkanlarını nəzərə alaraq, dövlət ali təhsil müəssisələrində ödənişli təhsili ləğv etmək olar və ya təhsil haqqını simvolik həddə qədər azaltmaq olar.

Deputat bunun üçün kifayət qədər əsasların olduğunu vurğulayıb.

"Bəzi hallarda qiyməti aşağı olan tələbələr bir dəfə qəbul imtahanında qazandığı uğura görə bütün tədris dövrünü ödənişsiz təhsil alır. Qiymətləri yaxşı və əla olan tələbələr isə ödənişli əsasda oxuyur ki, bu da ədalətsizlikdir", - deputat qeyd edib.

İbrahimqızı digər səbəb kimi Azərbaycanda ali məktəbə ödənişli əsasla qəbul olunan şəxslərin sonradan xarici ali təhsil müəssisələrində ödənişsiz təhsil hüququ almasını göstərib. "Belə olan təqdirdə tələbələr təhsil almaq üçün xaricə üz tuturlar. Biz onlara Azərbaycanda təhsil almaq üçün şərait yaratmalıyıq", - deputat deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 29-da Vergi Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Məcəlləyə edilən dəyişikliklərə görə, Azərbaycanın bütün ali təhsil müəssisələrində təhsil haqları ƏDV-dən (18%) azad edilib. Əvvəl bu bənd yalnız dövlət ali təhsil müəssisələrinə aid idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti